BLOQ

25.07.2022
5113

Özbaşına (qanunsuz) tikili nədir və nə zaman sökülməlidir?

Vətəndaşlar bir çox hallarda öz tikililəri ilə bağlı bəzi problemlərlə qarşılaşır. Dövlət orqanları tərəfindən tikililərinin qanunsuz olduğu və söküləcəyi barədə xəbərdar edilirlər. Bəs Azərbaycan Respublikası qanunvericiliyinə görə hansı tikililər qanunsuz sayılır və sökülməlidir? Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə edə bilməz. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə verməlidir. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:
  • torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;
  • tikinti layihəsi;
  • sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti, fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti;
  • “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi.
Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi qanunda nəzərdə tutulmuş bəzi hallarda sökülə bilər:
  • Şəhərsalma və Tikinti Məcəlləsinə görə, tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə;
  • tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə və buna əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda.
Bu hallarda tikinti obyeklərinin sökülməsi barədə qərar qəbul edilir. Bu qərar məhkəmədə maraqlı şəxslər tərfindən mübahisələndirilə bilər.