(+994 50) 700 04 06

BLOQ

26.08.2022
752

Fiziki şəxsin xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsi

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, son iki il ərzində fiziki şəxs yaşayış yerində görünməyibsə və hazırda olduğu yer məlum deyilsə maraqlı şəxslərin ərizəsi əsasında məhkəmə onu xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin müddət fiziki şəxs barəsində son məlumatların alındığı gündən hesablanır. Həmin günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma müddətinin hesablanması itkin düşmüş barəsində son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, bunu da müəyyənləşdirmək mümkün olmadıqda  sonrakı ilin yanvar ayının 1 – dən hesablanır. Şəxsin xəbərsiz itkin düşməsi haqqında məhkəmə qərarı qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri onun əmlakını etibar olunmuş əmlak kimi idarə etmək və ondan fayda götürmək hüququ əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüş şəxsin öhdəsində olanlara dolanışıq xərcləri verilir və borclar ödənilir.  Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində heç bir məlumat yoxdursa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşüb və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Əgər hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatlar zamanı xəbərsiz itkin düşərsə həmin şəxs hərbi əməliyyatların bitməsindən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarı qüvvəyə mindiyi gün onun ölüm günü hesab edilir və fiziki şəxsin ölümü ilə əlaqədar yaranan hüquqi nəticələr adi qaydada tətbiq edilir. Ölmüş elan edilmiş şəxs qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə şəxsin ölmüş elan edilməsi ilə bağlı məhkəmə qərarı ləğv edilir. Nə vaxt qayıtmasından asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqasına verilmiş əmlakının qalan hissəsinin qaytarılmasını tələb edə bilər.  
04.08.2022
316

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti

İsti yay günləri və müvafiq olaraq çimərlik mövsümünün başlaması ilə əcnəbilərin Azərbaycana səfərlərində artım müşahidə edilir. Bəs əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti qalma müddəti qanunvericiliklə nə qədər müəyyənləşdirilib? Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti aşağıdakı kimidir: əgər əcnəbi və ya vətəndaşlığı olmayan şəxs viza ilə Azərbaycan Respublikasına səfər etmişsə bu zaman Azərbaycan Respublikasında müvəqqəti olma müddəti vizada göstərilən qalma müddəti ilə məhdudlaşır; viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. Bu müddət bitənədək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə müvəqqəti olma müddətini uzatmadıqda və müvəqqəti yaşamaq üçün icazə almadıqda, habelə  müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin alınması üçün müraciət etmədikdə, Azərbaycan Respublikasının ərazisini tərk etməlidir. Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdır. Bu barədə məlumat ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sərhəd buraxılış məntəqələrində verilir. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi və ya əcnəbi və ya vətəndaşlığı olmayan şəxs özü, Miqrasiya Məcəlləsində nəzərdə tutulan sənədləri müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, viza ilə gəldikdə vizada göstərilən müddətə, vizasız gəldikdə isə 90 gün müddətinə müvəqqəti qeydiyyata alınır. Qeyd edək ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, 5 iş günü ərzində yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur. Yuxarıda qeyd edilən qaydaların əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən pozulması İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyət yaradır. Belə ki, bu qaydalara əməl etməyən şəxslər ölkədən çıxarılmaqla və ya çıxarılmamaqla cərimə edilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yeri tərk etdikdə, onu qəbul edən tərəf və ya şəxs özü bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər avtomatik olaraq qeydiyyatdan çıxarılmış hesab edilir.
25.07.2022
708

Özbaşına (qanunsuz) tikili nədir və nə zaman sökülməlidir?

Vətəndaşlar bir çox hallarda öz tikililəri ilə bağlı bəzi problemlərlə qarşılaşır. Dövlət orqanları tərəfindən tikililərinin qanunsuz olduğu və söküləcəyi barədə xəbərdar edilirlər. Bəs Azərbaycan Respublikası qanunvericiliyinə görə hansı tikililər qanunsuz sayılır və sökülməlidir? Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə edə bilməz. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə verməlidir. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; tikinti layihəsi; sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti, fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi qanunda nəzərdə tutulmuş bəzi hallarda sökülə bilər: Şəhərsalma və Tikinti Məcəlləsinə görə, tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə və buna əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda. Bu hallarda tikinti obyeklərinin sökülməsi barədə qərar qəbul edilir. Bu qərar məhkəmədə maraqlı şəxslər tərfindən mübahisələndirilə bilər.
07.07.2022
440

Hüquqi şəxs təsisetmə

Digər bir çox terminlər kimi hüquqi şəxs anlayışının da təməlləri Roma Hüququna dayanmaqdadır. Ancaq Roma Hüququnda hüquqi şəxs anlayışı bir qədər fərqli inkişaf xəttinə malik olub. Belə ki, Romalılara görə, “bütün hüquq insanlar üçündür” nəzəriyyəsi əsas olub. Bu nəzəriyyəni ilk oxuduqda insandan başqa heç bir varlığa hüquq qabiliyyəti verilə bilməz yönündə bir nəticəyə gəlmək mümkündür. Ancaq bir tək insan gücünün və ömrünün kifayət etməyəcəyi, yenə insanlarla bağlı bəzi məqsədlərə çatılabilməsi üçün insanlardan ibarət qrupların əməyinə ehtiyac duyulması hüquqi şəxsin meydana gəlmə səbəblərindən biridir. Bəzən bir mal və xidmətlər toplusunun müəyyən bir məqsədə xidmət edəcək şəkildə təsis edilməsi və bunların onu müəyyən məqsədlər üçün təhsis edən şəxslərin fərdi fəaliyyətlərindən daha geniş olaraq daha uzun müddət mövcud olma ehtiyacı, Roma hüququnda da qruplara bir “Şəxs” statusu verilməsini məcburi hala gətirmişdir.  Digər bir çox terminlər kimi hüquqi şəxs anlayışının da təməlləri Roma Hüququna dayanmaqdadır. Ancaq Roma Hüququnda hüquqi şəxs anlayışı bir qədər fərqli inkişaf xəttinə malik olmuşdur`. Belə ki, Romalılara görə, “bütün hüquq insanlar üçündür” nəzəriyyəsi əsas olmuşdur. Bu nəzəriyyəni ilk oxuduqda insandan başqa heç bir varlığa hüquq qabiliyyəti verilə bilməz yönündə bir nəticəyə gəlmək mümkündür.  Roman – German hüquq sisteminə daxil olan Azərbaycan qanunvericiliyinə görə, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.  Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər.  Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan kommersiya hüquqi şəxsləri və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən qeyri-kommersiya hüquqi şəxsləri, habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan publik hüquqi şəxslər formasında yaradıla bilər. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir.  Hüquqi şəxs qanunla nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir.  Hüquqi şəxsin hüquq qabiliyyəti dövlət qeydiyyatına alındığı andan yaranır. Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər.  Biz sizə kommersiya və qeyri kommersiya hüquqi şəxslərinin yaradılmaında peşəkar xidmətlərimizi təklif edirik: Hüquqi şəxsin təsis sənədlərinin və Nizamnaməsinin hazırlanması; Hüquqi Şəxsin dövlət qeydiyyatına alınması; Hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsi; Ayrı-ayrı fəaliyyət növləri üçün xüsusi icazə - lisenziyaların alınması və digər bütün lazımi prosedurları sizin adınıza həyata keçiririk.