BLOQ

31.05.2024
1567

Piyadalar Hansı Yol Hərərkəti Qaydalarına Əməl Etməlidir?

Bildiyiniz kimi gün keçdikcə avtomobil və digər növ nəqliyyat vasitələrini idarə edən şəxslərin sayı artır. Sükan arxasına keçən insanların sayı artdıqca yol hərəkəti qaydalarını öyrənmək istəyən insanların da sayı artır. Lakin qeyd etmək lazımdır ki, yol hərəkəti qaydarı yalnız sürücülər üçün deyil, piyadalar üçün də nəzərdə tutulub. Bu səbəbdən də həm sürücülər, həm də piyadalar yol hərəkəti qaydalarından agah olmalıdırlar. Biz də bu günki məqaləmizdə piyadaların əməl etməli olduqları əsas yol hərəkəti qaydaları haqqında danışacağıq. Piyada nəqliyyat vasitələrindən istifadə etməyən, lakin yol hərəkətində iştirak edən şəxsdir. Onların yolda iştirakı üçün piyada keçidi və səkilər nəzərdə tutulub. Piyada keçidləri yolun hərəkət hissəsində ağ zolaqlarla və ya yerüstü və ya yeraltı bir tikili, qurğu vasitəsilə piyadaların yolu keçməsi üçün nəzərdə tutulan sahədir. Səkilər isə yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə yoldan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissədir. ‘‘Yol Hərərkəti haqqında’’ qanuna əsasən, piyadalar aşağıdakı yol hərəkəti qaydalarına əməl etməlidirlər: 1. Səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadığı hallarda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped üçün nəzərdə tutulmuş yol ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin kənarı ilə getməlidir; 2. Dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri, həmçinin, yeraltı və yerüstü keçidlərlə, onlar olmadıqda isə səki xətti və ya yol çiyni xətləri (yol kənarlarında olan ağ zolaqlar) boyunca keçməlidirlər; 3. Yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikləri halda nəqliyyat vasitələrinin hərəkət istiqamətinin əksinə getməlidirlər. Lakin mexaniki təkərli oturacaqlarda hərəkət edən əlilliyi olan şəxslər, motosiklet, moped, velosiped sürən şəxslər isə yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikləri halda nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər;  4. Ictimai nəqliyyatı və taksini yalnız dayanacaqlarda, dayanacaqlar olmadıqda isə, səkidə və ya yol çiyinlərində gözləməlidirlər. Nəqliyyat vasitəsinə minmək üçün isə yolun hərəkət hissəsinə yalnız nəqliyyat vasitəsi dayandıqdan sonra çıxa bilərlər. Nəqliyyat vasitəsindən düşdükdən sonra isə ləngimədən yolun hərəkət hissəsini tərk etməlidirlər;  5. Hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının (yol polisi) və ya piyada svetoforunun, bunlar olmadıqda isə, nəqliyyat svetoforunun işarəsini əsas tutaraq hərəkət etməlidir. Piyada svetoforunun qırmızı işığı piyadaların dayanmalı olduğunu, sarı işığı hərəkətin qadağan edildiyini və işarənin, yəni işığın rənginin tezliklə dəyişəcəyini bildirir. Nəqliyyat svetoforunda isə əksinə - qırmızı piyadalara hərəkətə icazə verir, sarı hərəkətin qadağan edildiyini və işarənin tezliklə dəyişəcəyini, yaşıl isə piyadalar üçün hərəkətin qadağan edildiyini bildirir;  6. Yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdırlar;  7. Qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşdıqda, piyadalar yolun hərəkət hissəsini keçməməlidir, hərəkət hissəsində olanlar isə bu nəqliyyat vasitələrinə yol verməli və hərəkət hissəsini dərhal boşaltmalıdırlar;  8. Piyadalar yolu günün qaranlıq vaxtlarında və yolun işıqlanmayan hissələrində yalnız yolda nəqliyyat vasitəsi olmadıqda keçməlidirlər; 9. Svetoforun işığı dəyişənədək keçidi başa çatdıra bilməmiş piyadalar yolu iki hissəyə ayıran xəttin üstündə dayanıb gözləməlidirlər. Piyadalar yalnız hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra və svetoforun (nizamlayıcının) siqnalını nəzərə almaqla yolu keçməyə davam edə bilərlər;  10. Yaşayış zonası olan ərazidə piyadalar həm səkilərdə, həm də yolun hərəkət hissəsində hərəkət edə bilərlər. Yaşayış zonasında piyadaların hərəkətinə üstünlük verilir, lakin onlar nəqliyyat vasitələrinin hərəkəti üçün əsassız maneə yaratmamalıdırlar; 11. Nizamlayıcının, yəni yol polisinin siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının və nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, piyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər. Gəlin hər birimiz yol hərəkəti qaydalarını öyrənək, onlara əməl edək və beləliklə də həyatımızı təhlükə altına atmayaq!
31.05.2024
798

Yararlılıq və zəmanət müddəti

     Yəqin ki tez-tez müxtəlif məhsulların və malların üzərində yararlılıq və ya zəmanət müddəti ifadəsinə rast gəlirsiniz. Bəs yararlılıq və ya zəmanət müddəti nədir? Onlar arasındakı fərq nədən ibarətdir?      Yararlılıq müddəti tez xarab olan, insan sağlamlığına, həyatına və əmlakına, ətraf-mühitə təhlükə yarada bilən məhsulların, məsələn, qida məhsullarının, dərmanların, bəzi kosmetik vasitələrin istifadəsi üçün nəzərdə tutulmuş müddətdir. Bu səbəbdən də yararlılıq müddəti ötmüş malların satışı qadağan edilir.      Zəmanət müddəti isə istehsalçının və ya satıcının malın, işin, xidmətin və ya. hansısa məmulatın qanunvericilkdə və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində normal qaydada fəaliyyət göstərməsini təmin etməsidir.      Yararlılıq müddəti adətən qida, dərman, kosmetika-ətriyyat məhsullarının üzərində göstərilir, lakin zəmanət müddəti malın, işin, xidmətin pasportunda və ya nişanlama kağızında və ya digər sənəddə göstərilir. Həmçinin, zəmanət müddətləri malın istehlakçıya verildiyi vaxtdan, yararlılıq müddətləri isə məhsulların hazırlandığı gündən hesablanır.       Qanunvericiliyə əsasən, istehsalçı məhsulların üzərində mütləq şəkildə yararlılıq müddətini göstərməlidir, satıcı isə alıcıya yararlılıq müddəti keçməmiş məhsul satmağa borcludur. Əks halda, yəni istehlakçıya keyfiyyətsiz qida məhsulu satıldığı hallarda, məhsulun keyfiyyətsizliyi onun yararlılıq müddəti ərzində aşkar olunarsa, bu halda satıcı həmin məhsulu keyfiyyətli məhsul ilə dəyişdirməli və ya məhsulu almaq üçün ödənilmiş pul məbləğini qaytarmalıdır. Əgər əşya üçün yararlılıq müddəti müəyyənləşdirilməyibsə, bu halda alıcı əşyanın keyfiyyətsiz olması ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsində müəyyən edilmiş daha uzun müddətdə irəli sürə bilər.      Qanunvericiliyin zəmanət müddəti ilə bağlı tələblərinə gəlincə isə, alıcı və ya istehlakçı zəmanət müddəti ərzində aldığı malda qüsurlar aşkar edərsə, bu halda satıcıdan və ya istehsalçıdan öz istəyinə görə aşağıdakılardan birini tələb edə bilər:  Keyfiyyətsiz malı lazımi keyfiyyətli mala dəyişdirməyi;  Qüsurlu malın satış qiymətini onun qüsuruna mütənasib məbləğdə azaltmağı;  Keyfiyyətsiz malın qüsurlarının satıcı tərəfindən aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini;  Qüsurlu malın həmin mala uyğun digər modelli (markalı, tipli və sair) mal ilə əvəz edilməsini;  Malın, işin, xidmətin satılmasına dair müqavilənin ləğv edilməsini və çəkdiyi xərcin ödənilməsini.      Malda qüsurlar aşkar edildiyi halda, alıcı əşyanın qüsurları ilə bağlı tələblərini qarantiya müddəti ərzində, qarantiya müddəti müəyyənləşdirilmədiyi hallarda isə mal ona verildikdən iki il ərzində irəli sürə bilər.      Tövsiyəmiz odur ki, siz də hər hansısa mal alarkən onun yararlılıq və zəmanət müddətinə baxasınız, malın qüsurlu və ya keyfiyyətsiz olduğu hallarda məqaləmizdə qeyd edilən müddətlərdə və formada öz hüquqlarınızın müdafiəsini tələb edəsiniz.
16.05.2024
1378

İşdən Çıxma Halında Son Haqq-hesab

Son zamanlarda işdən çıxma hallarında son haqq-hesabın ödənilməməsi hallarına çox rast gəlirik. Bunun əsas səbəblərindən biri də işçilərin öz hüquqlarını yaxşı bilməməsi və haqlarını tələb etməmələridir. Buna görə də gəlin bu məqaləmizi məhz işdən çıxma hallarında son haqq-hesabın necə aparılmalı olmasına həsr edək. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinə xitam verilərkən ilk öncə işəgötürən bu barədə əsaslandırılmış əmr (sərəncam, qərar) verməlidir və həmin əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Son iş günündə isə işdənçıxarma əmrinin surəti, işçinin əmək kitabçası və son haqq-hesab işçiyə verilməlidir. Bəs son haqq-hesab deyərkən nə nəzərdə tutulur? Son haqq-hesab deyərkən qanunvericilik istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin verilməsini, işçiyə ödənilməli olan əmək haqqının və digər ödəmələrin edilməsini nəzərdə tutur. Son haqq-hesab edildikdən sonra isə işəgötürən haqq-hesab sənədi ( və ya haqq- hesab kitabçası, vərəqi, çeki) tərtib etməli və onu qeydiyyata aldırmalıdır. İşdən çıxma hallarında siz də əmək münasibətlərinə xitam vermə prosesinin qanunvericiliyə uyğun aparıldığından əmin olun və öz haqlarınızı tələb etməkdən çəkinməyin!
22.02.2024
481

Xuliqanlıq Cinayətdirmi?

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinə əsasən, xuliqanlıq deyərkən  ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə və ya özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür.        İctimai yerlərdə - məktəblərdə, küçələrdə, parklarda, ictimai nəqliyyatda və sair yerlərdə biz demək olar ki hər gün bizə və yaxud da ətrafımızdakı insanlara qarşı edilmiş xuliqanlıq əməllərinin şahidi oluruq. Cəmiyyətimizdə daha çox rastlaşdığımız xuliqanlıq əməlləri sürücülərin bir-birini təhqir etməsi və ya digər sürücülərin avtomobillərinə vuraraq ‘‘yol hərəkəti qaydalarını onlara öyrətməyə çalışması’’, qadınlara söz atılması və onların narahat edilməsi, etiraz əlaməti olaraq insanların bir-birini təhqir etməsi və bunu digər insanları narahat edəcək şəkildə həyata keçirmələri, axşam saatlarında yaşayış yerlərində səs-küyün salınması və sair kimi hallardır. Lakin insanlar mütəmadi olaraq bu əməllərin şahidi olduqları üçün bu hallar onlara çox adi gəlir. Bu səbəbdən də gün keçdikcə cəmiyyətdə özbaşınalıq hallarının artdığının şahidi oluruq.   Qanunvericilik xuliqanlıq əməllərinin qarşısını almaq üçün Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə bu əməlləri qadağan edib, həmin əməlləri törədənlərə qarşı sanksiyalar müəyyən edir. Belə ki, sözügedən əməlləri törədən şəxslər 1000 manatdan 3000 manatadək miqdarda cərimə, bir ilədək müddətə islah işləri, bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin əgər xuliqanlıq əməlləri bir qrup şəxs tərəfindən törədilərsə və ya eyni şəxs və ya şəxslər tərəfindən təkrar törədilərsə, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədilərsə, bu hallarda qanunvericilik iki ilədək müddətə islah işləri, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutur. Xuliqanlığın daha ağır şəkildə həyata keçirilməsi hallarında, yəni silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə,  yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda şəxsə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza verilir. Həmçinin, qeyd etmək lazımdır ki, 14 yaşından etibarən hər kəs xuliqanlıq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunur.    Göründüyü kimi qanunvericilik bizə qarşı xuliqanlıq formasında edilmiş hüquqpozmalara görə müxtəlif sanksiyalar nəzərdə tutur. Bizim öhdəmizə düşən isə bu kimi hallarla rastlaşdığımız zaman bunu adi qarşılamamaq, əksinə onların qarşısını almaq və ya bu kimi halların qarşısını alması üçün müxtəlif dövlət orqanlarına müraciət etməkdir.   Unutmayın, cəmiyyəti qurtarmaq sizin əlinizdədir!  
15.12.2023
1752

"Rəqəmsallaşma və Müştəri Əlaqələri" mövzusunda İşgüzar Səhər Yeməyi

14.12.2023-cü il tarixində "Marsol Group" tərəfindən "Mado" restoranında təşkil edilmiş "İşgüzar səhər yeməyi" çərçivəsindəki görüşdə bir sıra şirkət sahibləri bir araya gələrək "Rəqəmsallaşma və müştəri əlaqələri" mövzusunda müzakirələr aparıblar. Görüş zamanı edilən müzakirələr "İDEA Consulting and Solutions" MMC-nin rəhbəri Ceyhun Məmmədov bu görüşdə çıxış edərək şirkətimizin təklif etdiyi İT inteqrasiya həlləri, hüquq, mühasibatlıq və audit xidmətləri barədə ətraflı məlumat verib. Ceyhun bəy "Rəqəmsallaşma və müştəri əlaqələri" mövzusunda da öz təcrübələrini sahibkarlarla bölüşüb.  Təqdimat zamanı Ceyhun Məmmədov rəqəmsallaşmanın əhəmiyyəti, onun şirkətlərə təsiri, CRM və Texnologiya tətbiqləri, müştəri məlumatlarının təhlili, Big Data və Süni Zəka (AI), strategiyalar və təkliflər barəsində ətraflı məlumatlar bölüşüb. Rəqəmsal transformasiya nədir? Rəqəmsal transformasiya texnologiya və informasiya sahələrində inkişaf etmiş alətlər vasitəsilə biznes prosesləri avtomatlaşdırma və yeni imkanlardan yararlanma prosesidir. Biznesə təsiri - Rəqəmsal transformasiya iş proseslərinin daha effektiv və sürətli olmasını təmin edərək biznesi daxili və xarici bazarlarda rəqabətədayanqlı edir və gəlir artımı imkanı yaradır. CRM CRM, yəni Müştəri Münasibətləri İdarəetməsi (Customer Relationship Management), müştərilərlə münasibətləri idarə etmək üçün istifadə edilən bir strategiya, proses və texnologiya birləşməsidir. CRM sistemləri, müştəri məlumatlarını mərkəzləşdirmək, satış və marketinq fəaliyyətlərini optimallaşdırmaq və müştəri xidmətlərini yaxşılaşdırmaq üçün lazımi texniki alətlər və proqram təminatı təklif edir. Big Data Müxtəlif mənbələrdən əldə edilən və adətən ənənəvi məlumat bazalarıtərəfindən idarə edilə bilməyəcək qədər böyük, həm də strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumattoplusudur. Şirkətlər bu məlumatları istifadə edərək, müştəri tələbatlarını daha yaxşı başa düşə, xidmətlərini daha effektiv şəkildə fərdiləşdirə və biznes qərarlarını məlumatlara əsaslanaraq yaxşılaşdıra bilərlər. Süni Zəka (AI) Süni Zəka, insan zəkasının bəzifunksiyalarınıtəqlid edə bilən və məlumatlarıtəhlil etmək, öyrənmək, qərar qəbul etmək və problemləri həll etmək üçün proqramlaşdırılmış alqoritmlərtoplusudur. AI, Big Data-nı işləmək və analiz etmək üçün gücündən istifadə edir ki, bu da şirkətlərin prediktiv analizlər və məhsul inkişafı sahələrində daha dəqiq qərarlar verməsinə imkan verir. AI-nin qabiliyyətləri məlumatlar arasında əlaqələritapmaq, istifadəçi davranışlarını proqnozlaşdırmaq və müştəri xidmətlərini avtomatlaşdırmaq kimi bir çox sahədə tətbiq edilə bilər. Şirkətimiz tərəfindən hazırlanmış "Rəqəmsallaşma və müştəri əlaqələri" mövzusunda təqdimata bu linkdən keçid edə bilərsiniz.
20.10.2023
1466

“IDEA Consulting and Solutions” şirkətinin Azərbaycanın aparıcı şirkətlərilə görüşü

Bu gün “IDEA Consulting and Solutions” şirkəti olaraq “Marsol Group”un təşkilatçılığı ilə keçirilən ofis ziyarətindən əvvəl ölkənin aparıcı şirkətlərinin rəhbərləri üçün işgüzar səhər yeməyi təşkil etdik. “Marsol Group”un təşkilatçılığı ilə keçirilən ofis ziyarətləri, biznes sahəsindəki yenilikləri və təcrübələri birləşdirən unikal bir platformadır. Sözügedən tədbir şirkətləri bir-biriləri ilə əlaqə qurmağa, təcrübələrini paylaşmağa və birgə inkişaf etməyə imkan yaradır. Tədbirdə bəhs edilən mövzular Şirkətimizin rəhbəri Ceyhun Məmmədov işgüzar səhər yeməyində şirkətin hüquq, maliyyə, biznes, brendinq və İT sahəsindəki xidmətlərini, yeni proqram təminatlarını və öz müəllif hüquqları ilə qorunan “Lorex LMS”  sistemini təqdim edib. O, tədbir iştirakçıları üçün şirkətin əsas üstünlüklərini də vurğulayıb: “İnnovativ və peşəkar yanaşma ilə son texnoloji trendləri və müasir məsləhətlərlə müştərilərimizə rəqabətdə üstünlük yaradan həllər təklif edirik. Fərdi və yüksək səviyyədə xidmət göstərərək hər bir müştəri ilə fərdi şəkildə işləyirik. Müştərilərimizin gözləntilərini özümüzə standart kimi qəbul edirik. Dayanıqlı iş əlaqələrinə gəlincə, qarşılıqlı etimad və uzunmüddətli iş əlaqələri qurmağa böyük önəm veririk. Texnoloji üstünlüklərimiz isə biznesinizin rəqəmsal transformasiyasını həyata keçirmək üçün müasir texnoloji imkanlardan yararlanmaqdır. Bu gün burada olan hər birinizin iştirakı bizim üçün çox qiymətlidir. “IDEA Consulting and Solutions” olaraq tərəfdaşlarımızla əlaqələrimizi möhkəmləndirmək, birgə böyümək və uğurlu olmağa ümid edirik”. Ofis ziyarəti Tədbirin sonunda iştirakçılar “IDEA Consulting and Solutions" şirkətinin ofisinə dəvət olundular. Qonaqlar ofisin bölmələri ilə tanış edilib, innovativ texnologiyaların tətbiqi, komandanın iş prinsipləri və şirkətin müxtəlif layihələri haqqında maraqlı məlumatlar əldə etdilər. İştirakçılar bu təcrübə ilə şirkətin iş mühitinin incəlikləri ilə yaxından tanış oldular. Tədbir qonaqların şirkətin təklif etdiyi həllərə və xidmətlərə marağını artırıb, bir neçə şirkət rəhbəri ilə potensial əməkdaşlıq üçün müzakirələr planlaşdırılıb. Tədbirdə iştirak edən şirkətlər Qeyd edək ki, tədbirdə Babək "Sirab" ASC, “Prive Steak Gallery”, “BMZ Collages”, “Tuna” QSC, “Azestetik Group”, “RiF Ofis Mebeli”, “Mega” Həyat Sığorta, “Bakcell”,  Zəhra Klinikası, “XXI Əsr Məktəbi”, “Hellmann Worldwide Logistics” kimi məşhur şirkətlər iştirak edib.
13.09.2023
2237

Qız qaçırtma adam oğurluğu hesab olunurmu?

     Bir zamanlar ölkəmizdə ən aktual problemlərdən biri də xalq arasında ‘‘qız qaçırtma’’ adı ilə tanınan adam oğurluğu əməllərinin törədilməsi idi. Lakin, təəssüf ki, hələ də bəzi bölgələrimizdə bu kimi hallara rast gəlinir və bu hal tamamilə normal qarşılanır. Hətta bu əməl cəmiyyətə o qədər ‘‘doğmadır’’ ki, bunun gülməli, əyləncəli, xoş təəssürat bağışlayan, yaxşı bir şey imiş kimi qələmə verən komediya janırında filmlərimiz çəkilir və bu filmlərə cəmiyyət tərəfindən tələb və maraq da çoxdur. Qanunvericilikdə qız qaçırtma      Bəs qanunvericilik? Qanunvericilik izdivac məqsədilə adam oğurluğunun törədilməsini necə qarşılayır? Qadınlar könüllü şəkildə buna yol verdikdə, sözügedən əməl cinayət hesab olunur mu?      İlk öncə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsi adam oğurluğunu qadağan edib, lakin adam oğurluğunun özündə nələri ehtiva etdiyini, adam oğurluğu deyərkən tam olaraq hansı əməllərin nəzərdə tutulduğunu aydınlaşdırmayıb. Məhz bu səbəbdən də hələ də qız qaçırtmanın adam oğurluğu hesab edilib-edilmədiyi barədə müzakirələr var.      Azərbaycanın hüquq sistemi çərçivəsində, qız qaçırtma və ya adam oğurluğu zamanı qaçırılan və ya oğurlanan şəxsə maddi ziyan dəydiyi təqdirdə, bu hadisəni törədən şəxsə cəza verilməsi mütləq hal kimi qiymətləndirilir.      Əgər bu hadisəni törədən şəxs, ictimai rahatlığa və ya başqalarının hüquqlarına ziyan vurursa, məsuliyyətə cəlb edilə bilər və hüquq-mühafizə orqanları tərəfindən cinayətin törədildiyi hal üzrə istintaq apara bilər. Daha sonra məhkəmə həmin cinayətin qərarını verir və cəzalandırıcı tədbirləri müəyyən edir.      Əsas qayda olaraq, hüquqi cərimələr və cinayətlərin qiymətləndirilməsi, hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən müəyyən edilir və hansısa bir cinayətin qərarı verilərkən hüquqi proses və məhkəmə hökmləri nəzərə alınır. Bu səbəbdən qız qaçırtma halında qiymətləndirmə prosesi hüquqi mühitdə qarşılaşılan konkret faktlara əsaslanır.      Qız qaçırtmanın adam oğurluğu hesab edilməsi üçün bu əməlin törədən şəxs bunu zor tətbiq edərək və yaxud da hədə-qorxu gələrək, qarşı tərəfin razılığı olmadan etməlidir. Əks təqdirdə, yəni qarşı tərəf özü bu hala yol verdikdə, bu halla razılaşdıqda törədilmiş əməl adam oğurluğu hesab edilməyəcək, çünki burada bir şəxsin öz iradəsinə əsasən verdiyi qərardan söz gedəcək, məcburi hər hansısa bir əməldən deyil.        Lakin əgər qız qaçırtmanın qurbanı olmuş şəxs yetkinlik yaşına çatmayıbsa, yəni yaşı 18-dən azdırsa, bu halda onun razılığı olsa da, olmasa da sözügedən əməl adam oğurluğu hesab ediləcək. Cinayət Məcəlləsinin 144-cü maddəsi      Qanunvericilk 14 yaşından yuxarı hər kəsə adam oğurluğuna görə cəza təyin edir. Belə ki, Cinayət Məcəlləsinin 144-cü maddəsinə əsasən, bu əmələ görə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub. Lakin əgər bu əməl: 1. iki və ya daha çox şəxsə qarşı; 2. aşkar surətdə hamilə vəziyyətdə olan qadına qarşı törədilsə və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və yaxud da cinayətkar birlik          tərəfindən;   3. zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə; 4. silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə; 5. tamah məqsədi ilə və ya sifarişlə törədilsə, bu halda 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.      Qanunvericilik adam oğurluğu əməlinin yetkinlik yaşına çatmayan şəxs barəsində törədilməsi halında və ya adam oğurluğunun ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olması hallarında daha ağır sanksiya nəzərdə tutur. Bu hallarda təqsirkar şəxs 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cəmiyyətimizi qoruyaq      Məqalənin əvvəlində də qeyd edildiyi kimi, bir zamanlar qız qaçırtma adı altında adam oğurluğu ən çox rast gəlinən problemlərdən biri idi və hələ də bəzi bölgələrdə bu kimi hallara rast gəlinir. Bunun qarşısını almaq üçün, həmçinin oğurlanmış adamın hər hansısa bir güc tətbiqinə, zora, psixolojik gərginliyə məruz qalmaması üçün, yəni sırf həmin şəxsin sağlamlığını düşünərək qanunvericiliyimiz əməllərində başqa cinayət tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxsləri cinayət məsuliyyətindən azad edir.      Gəlin izdivac məqsədi ilə, ‘‘iki sevən şəxsin qovuşması’’ adı altında və ya ‘‘heç kim bilməsin, qızımızın adına söz çıxar’’ düşüncəsi ilə xalq arasında qız qaçırtma adı ilə normallaşdırılan adam oğurluqlarına son verək və bunu normallaşdıraraq cəmiyyətə aşılamayaq. "Fiziki şəxsin xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsi" adlı məqaləmizə keçid edin.
13.07.2023
1054

"İdea Consulting and Solutions" MMC Autizm Mərkəzini ziyarət etdi

      "İDEA Consulting and Solutions" MMC-nin rəhbəri Ceyhun Məmmədov "Marsol Group"un təşkilatçılığı ilə "Birgə və Sağlam" İctimai Birliyinin Autizm Mərkəzinə ziyarət edib. Qeyd edək ki, Bakının Nizami rayonunda yerləşən həmin mərkəz Heydər Əliyev Fondu tərəfindən inşa edilib.      Autizm xəstəlik deyil        Mərkəz autizm sahəsində maarifləndirici layihələr həyata keçirir, autizm spektr pozuntuları olan şəxslərə zəruri ünsiyyət bacarıqlarını öyrətmək və onları müstəqil həyata hazırlamaq üçün ailələrlə işləmək istiqamətində fəaliyyət göstərir.        Autizmin xəstəlik deyil, bir fərqlilik olduğunu vurğulayan "Birgə və Sağlam" İctimai Birliyinin sədri Aytən Eynalova autizmə qalib gəlmək üçün erkən müdaxilə və kompleks reabilitasiya tədbirlərindən yararlanmağın ən effektiv metod olduğunu bildirdi.      Onların inanılmaz bacarıqları var      Ziyarət zamanı qonaqlar cəmiyyətə inteqrasiyası zəif olan bu şəxslərlə tanış oldular, onların öz qabiliyyət və bacarıqları ilə hazırladıqları bir-birindən gözəl əl işlərinin xeyriyyə satışında iştirak etdilər, həmçinin bu istedadlı gənclərin musiqili konsertlərini dinlədilər.     Hər bir uşaq dəyərlidir      Ölkəmizdə uşaq və gənclərin inkişafına, o cümlədən həssas kateqoriyalardan olan vətəndaşlarımıza qayğı ilə yanaşılması vacib və mühüm məsələlərdəndir. "İDEA Consulting and Solutions" MMC də bu istiqamətdə öz səyini əsirgəmir. Şirkətimiz cəmiyyətin rifahı, gənclərin savadlı kadr kimi yetişməsi və ətraf mühitin qorunmasına hər zaman dəstək verir. Görüşdə şirkətin rəhbəri Ceyhun Məmmədov müasir dövrdə çox aktual olan bu problemin həllinə dəstək olaraq mərkəzdəki autizm spektr pozuntuları olan şəxslərin təhsillərinə də xüsusi dəstək veriləcəyini bildirmiş və hər kəsi autizm sindromlu uşaqlara qarşı daha da diqqətli olmağa çağırmışdır.
04.05.2023
1538

Nə üçün BEH qoyuruq?

     Beh öhdəliklərin icrasının təmini üsullarından, həmçinin müqavilənin bağlanmasını təsdiq edən vasitələrdən biridir. Beh müqavilə tərəflərindən birinin digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Təcrübədə tez-tez müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhələr yaranır və ya ödənilmiş məbləğin beh olub-olmamasını müəyyən etmək mümkün olmur. Bu hallarda beh kimi ödənilmiş pul məbləği avans ödənişi kimi hesab edilir. Bu kimi problemlərin qarşısını almaq üçün qanunvericilik behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşmaların yazılı formada bağlanmasını tələb edir. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə olduqda isə, qanunvericilik beh barədə raılaşmanın notariat qaydasında təsdiq edilməli olduğunu vurğulayır. Behin məqsədi ondan ibarətdir ki, əgər beh vermiş tərəf müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyırsa, bu halda beh müqavilənin digər tərəfində qalır. Lakin müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf behdən əlavə, müqavilənin icra edilməməsi nəticəsində  dəymiş zərərin də əvəzini ödəməyə borcludur.        Lakin bəzi hallarda olur ki, beh almış tərəfin məsuliyyətsizliyi üzündən müqavilə icra edilmir. Bəs bu halda nə olur? Əgər müqavilənin icra edilməməsinin səbəbi beh almış tərəfin məsuliyyətsizliyidirsə, bu halda behi almış tərəf digər tərəfə behin iki qatı məbləğində ödəniş etməlidir, hansı ki bir növ kompensasiya məqsədi daşıyır.       Lakin müqavilə tərəfləri öhdəliyin icrasına başlanana qədər öz aralarında müqaviləyə xitam vermək üçün razılaşarlarsa  və ya müqavilənin icranın mümkün olmaması səbəbindən müqaviləyə xitam verərlərsə, beh onu vermiş şəxsə qaytarılmalıdır.      Gördüyünüz kimi beh bir növ tərəfləri müqavilədən irəli gələn öhdəliklərini icra etməyə sövq edir. Məhz bu səbəbdən də behi öhdəliyin təmini üsulu kimi fərqləndirir və gündəlik həyatımızda çox tətbiq edirik.
02.05.2023
1565

Silah saxlamaq olarmı?

         Azərbaycan respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsinə əsasən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə qanunla qadağan olunur. Bu əməllərin törədilməsi cinayət hesab olunur. Bu növ cinayətlər üçün iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Bu cür əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qabaqcadan bir və ya bir neçə cinayətin törədilməsi üçün birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən bu əməllər törədildikdə isə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.          Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə qanunla qadağan olunur. Bu əməllər törədildikdə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Qanuna əsasən sadlanan əşyalara sahib olan və onları könüllü sürətdə təhvil verən şəxslər əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.           Xidməti və mülki silah haqqında qanunda verilən anlayışa əsasən silah dedikdə canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitələr nəzərdə tutulur. Soyuq silah dedikdə isə konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silah nəzərdə tutulur.