Beh öhdəliklərin icrasının təmini üsullarından, həmçinin müqavilənin bağlanmasını təsdiq edən vasitələrdən biridir.
Beh müqavilə tərəflərindən birinin digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Təcrübədə tez-tez müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhələr yaranır və ya ödənilmiş məbləğin beh olub-olmamasını müəyyən etmək mümkün olmur. Bu hallarda beh kimi ödənilmiş pul məbləği avans ödənişi kimi hesab edilir. Bu kimi problemlərin qarşısını almaq üçün qanunvericilik behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşmaların yazılı formada bağlanmasını tələb edir. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə olduqda isə, qanunvericilik beh barədə raılaşmanın notariat qaydasında təsdiq edilməli olduğunu vurğulayır.
Behin məqsədi ondan ibarətdir ki, əgər beh vermiş tərəf müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyırsa, bu halda beh müqavilənin digər tərəfində qalır. Lakin müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf behdən əlavə, müqavilənin icra edilməməsi nəticəsində dəymiş zərərin də əvəzini ödəməyə borcludur.
Lakin bəzi hallarda olur ki, beh almış tərəfin məsuliyyətsizliyi üzündən müqavilə icra edilmir. Bəs bu halda nə olur?
Əgər müqavilənin icra edilməməsinin səbəbi beh almış tərəfin məsuliyyətsizliyidirsə, bu halda behi almış tərəf digər tərəfə behin iki qatı məbləğində ödəniş etməlidir, hansı ki bir növ kompensasiya məqsədi daşıyır.
Lakin müqavilə tərəfləri öhdəliyin icrasına başlanana qədər öz aralarında müqaviləyə xitam vermək üçün razılaşarlarsa və ya müqavilənin icranın mümkün olmaması səbəbindən müqaviləyə xitam verərlərsə, beh onu vermiş şəxsə qaytarılmalıdır.
Gördüyünüz kimi beh bir növ tərəfləri müqavilədən irəli gələn öhdəliklərini icra etməyə sövq edir. Məhz bu səbəbdən də behi öhdəliyin təmini üsulu kimi fərqləndirir və gündəlik həyatımızda çox tətbiq edirik.
Azərbaycan respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsinə əsasən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə qanunla qadağan olunur. Bu əməllərin törədilməsi cinayət hesab olunur. Bu növ cinayətlər üçün iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Bu cür əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qabaqcadan bir və ya bir neçə cinayətin törədilməsi üçün birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən bu əməllər törədildikdə isə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə qanunla qadağan olunur. Bu əməllər törədildikdə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Qanuna əsasən sadlanan əşyalara sahib olan və onları könüllü sürətdə təhvil verən şəxslər əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.
Xidməti və mülki silah haqqında qanunda verilən anlayışa əsasən silah dedikdə canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitələr nəzərdə tutulur. Soyuq silah dedikdə isə konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silah nəzərdə tutulur.
Mirasın tərkibinə nələr daxildir və əmlak hansı anda vərəsəyə keçmiş hesab olunur?
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras aktivi şəxsin sahib olduğu hüquqlar, miras passivi isə onun etməli olduğu öhdəliklər hesab olunur. Məcəllənin 1153-cü maddəsinə əsasən, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız şəxsin sağlığında qüvvədə olan və onun ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir.
Vərəsəlik dedikdə isə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən mirasının digər şəxslərə keçməsi başa düşülür. Mirasın keçməsi vərəsəlik hüquq normalarında göstərilən qaydada həyata keçirilir. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə vərəsəlik olmaqla iki yerə ayrılır. Qanun üzrə vərəsəlik halında şəxs öldüyü və miras açıldığı andan əmlak üzərində mülkiyyət hüququ və sahiblik vərəsəyə birbaşa keçir. Bunun üçün vərəsənin bu barədə məlumatlı olması və mirası qəbul etməsi tələb olunmur. Ölən şəxsin birinci növbədə vərəsələri və ya Mülki Məcəllənin 1159-cu maddəsində göstərilmiş ardıcıl olaraq digər növbədə vərəsələri Daşınmaz əmlakın dövlət reyestri xidmətinə (notarius) yaxınlaşaraq özünün vərəsə olmasını bildirərək vərəsəlik şəhadətnaməsi ala bilər. Bu şəhadətnamə əsasında şəxs ölən şəxsin adına qeydiyyatda olan əmlakı öz adına rəsmiləşdirə bilər.
"İdea Consulting and Solutions” MMC Marsol şirkətin biznes fəaliyyətini rəqəmsallaşdırdı
17 aprel 2023-cü il tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Marsol Group”un təşkilatçılığı ilə "Marriott Hotel Boulevard"da Ramazan ayı münasibətilə 500-dən çox sahibkarın və bir sıra dövlət qurumlarının iştirak etdiyi "Sahibkarlarla iftar süfrəsi" adlı tədbir baş tutub.
Tədbirdə dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədri Orxan Məmmədov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Vüqar İskəndərov və Müşfiq Məmmədli ilə yanaşı “IDEA Consulting and Solutions” şirkətinin rəhbəri Ceyhun Məmmədov da iştirak edib.
“Rəqəmsallaşma və müştəri əlaqələri, Biznesin gələcəyi” mövzusunda təqdimat edən Ceyhun Məmmədov “IDEA Consulting and Solutions” MMC və Marsol şirkətinin birgə əməkdaşlığı çərçivəsində görülmüş işlər haqqında məlumat verib, “Rəqəmsal transformasiya” mövzusunda çoxdandır gözlənilən “Marsol+” mobil tətbiqinin təqdimatını edib.
Qeyd edib ki, “IDEA Consulting and Solutions” MMC tərəfindən Marsol şirkətinin biznes fəaliyyətinin rəqəmsallaşması təmin edilmişdir. Beləki, Marsol şirkəti üçün sayt, CRM sistemi (müştəri əlaqələrinin idarəedilməsi) və “Marsol+” adlı mobil tətbiq hazırlanmış və şirkətin brendiqi (loqo və tanıtım videosunun hazırlanması) aparılmışdır.
Sadalanan həllərin hazırlanmasında ən müasir texnalogiyalardan istifadə ilə yanaşı, süni intellekt həlləri də tətbiq edilmişdir.
Bu yeni həllər, şirkətin müştəri əlaqələrinin idarəedilməsini və brendinqini gücləndirməyə kömək edəcək, fəaliyyətin daha effektiv olmasına və müştəri təcrübəsinin yaxşılaşmasına imkan yaradacaq.
Bu rəqəmsallaşma ilə Marsol şirkəti aşağıdakı faydaları əldə etmiş olacaq:
CRM sistemi vasitəsilə müştəri əlaqələrinin idarə edilməsi asanlaşacaq;
“Marsol+” mobil tətbiqi vasitəsilə müştərilərə daha sürətli və rahat xidmət göstərilməsi təmin ediləcək;
Süni intellekt həlləri vasitəsilə iş proseslərinin təkmilləşdirilməsi nəticəsində səhv riski minimlaşacaq, iş proseslərinin effektivliyi artacaq.
Qeyd edək ki, “IDEA Consulting and Solutions” hüquq, maliyyə və mühasibatlıq, İT həllər, biznes həlləri, brendinq kimi ixtisaslaşmış fəaliyyət istiqamətlərinə malikdir.
Avropa İnsan Hüquqları Konvensiyası 1-ci maddəsi ilə insan hüquqlarına hörmət olunmasının, hüquq və azadlıqların təmin edilməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsi də insan və vətəndaş hüquq və azadlıqlarının önəminə vurğu edib, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz, ayrılmaz hüquqlarının olduğunu qeyd edir.
Avropa İnsan Hüquqları Konvensiyanın 6-cı maddəsi isə ədalətli məhkəmə hüququnun tərkib hissəsi kimi müdafiəçidən istifadə etmək hüququnu qeyd edib. Bu bir hüquq kimi qeyd edilsə də, əslində hər zaman hüquqşünas köməyindən istifadə önəmlidir. Çünki gündəlik həyatımızda baş verən hər bir hadisənin qanunda hüquqi tənzimi nəzərdə tutulub və əgər bu hüquqi tənzimləmələri tətbiq etsək, həm qarşılaşa biləcəyimiz hüquqi problemləri önləmiş olarıq, həm də qanunla bizə verilmiş hüquqlardan daha effektiv şəkildə istifadə edə və həyatımıza daha doğru yön verə bilərik. Belə ki, siz nikah, boşanma, əmlak bölgüsü və sair kimi ailə münasibətlərində ailə hüququ üzrə ixtisaslaşmış hüquqşünasların köməyindən istifadə edərək Ailə Məcəlləsi ilə sizlərə tanınmış hüquqlardan faydalana bilirsiniz, cinayət hüququ sahəsində fəaliyyət göstərən müdafiəçilərdən istifadə edərək ittihamçı pozulmuş hüquqlarını bərpa edir, təqsirləndirilən və ya şübhəli şəxs isə qanunla nəzərdə tutulmuş cəzanın minimal həddində cəza almaq imkanına sahib olur. Həmçinin, hüquqi məsləhət alaraq qanunla hansı hərəkətlərin qadağan edildiyini və hansı hərəkətlərdən çəkinməli olduğunuzu da öyrənmiş olacaqsınız. Əmək qanunvericiliyi üzrə ixtisaslaşmış vəkillər isə əmək münasibətləri zamanı qarşılaşdığınız problemləri həll edir və yaranmış suallarınızı cavablandırır: sizin qanunsuz olaraq işdən çıxmanıza, intizam tənbehinə məruz qalmanıza, işəgötürən tərəfindən sizə yönələn hüquqpozmalarının qarşısını almanıza kömək edir, il ərzində neçə gün məzuniyyətə çıxa bilməniz, hansı iş şəraitinin təmin olunması və digər hüquqlarınız barədə sizi maarifləndirir.
Günümüzdə belə bir yanlış fikir də formalaşıb ki, hüquqi yardım yalnız məhkəmə prosesləri zamanı ehtiyac duyulan bir xidmətdir. Lakin hüquqi yardım deyərkən müdafiəçinin sizi təkcə məhkəmə proseslərində, arbitrajlarda müdafiə etməsi yox, yaranmış suallarınıza cavab vermək, sizi müxtəlif hüquq sahələrində bilgiləndirmək, işlərinizi qanunvericiliyə uyğun formalaşdırmaq, müəyyən hüquqi problemlərlə üzləşməkdən qorumaq və öz hüquq və azadlıqlarınızdan xəbərdar olmanız üçün hüquqi konsultasiyanı da nəzərdə tutur.
Günlük işlərinizi görərkən belə sizin hüquqi yardıma ehtiyacınız ola bilər. Necə? Siz hər gün marketdən çörək alırsınız. Bəs bilirsizniz mi hər gün çörək alarkən əslində siz əqd bağlayır və mülki-hüquqi münasibətə girirsiniz? Həmin çörəyi alarkən siz sadə bir prosesi yerinə yetirdiyinizi düşünürsünüz, lakin bu proses başlayarkən siz fərqinə varmadan oferta və ya aksept edir, müqavilə şərtlərini razılaşdırır, öhdəlik götürür və müqavilə bağlayırsınız, prosesin sonunda isə siz yararlılıq müddəti, ödənişin edilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi və sair kimi hüquqi tənzimləmələrə ehtiyac duya bilərsiniz. Gördüyünüz kimi etdiyiniz hər bir hərəkət əslində hüquqi tənzimləmə obyektidir. Hər bir hərəkət sizə əlavə öhdəlik və məsuliyyət yarada və ya qanunla müəyyən edilmiş əlavə imkanlar – güzəştlər və sair təmin edə bilər. Bütün bunlardan xəbərdar olmaq üçün isə hər bir zaman hüquqi məsləhətə ehtiyacınız var. Yəni hər zaman, hər bir məsələdə hüquqi yardım almağınız məqsədəuyğundur və ən yaxşı hüquqi yardımı isə bizə müraciət edərək ala bilərsiniz.
“İDEA Consulting and Solutions” MMC tərəfindən “Xəzər” uşaq bağçasına oyun meydançası hədiyyə edildi.
“İDEA Consulting and Solutions” MMC tərəfindən korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq “Xəzər” uşaq bağçasına dörd ədəd oyun kompleksindən ibarət yeni oyun meydançası hədiyyə edildi. Qürur mənbəyimiz olan bu layihə uşaqlar üçün təhlükəsiz və əyləncəli mühit yaratmaq məqsədi daşıyır. Müxtəlifyaş qrupları üçün nəzərdə tutulan meydança uşaqların əyləncəli zaman keçirməsi ilə yanaşı zehni və fiziki inkişafında həmçinin, sosial bacarıqlarının artmasında faydalı olacaq. Sözügedən meydança tam təhlükəsiz və güvənli şəkildə övladlarımızın inkişafına və keyfiyyətli zaman keçirməsinə imkan verir.
Şirkətimiz işgüzar mühitdə uğur qazanmaqla yanaşı, həm də cəmiyyətin rifahı və ətraf mühitin qorunması üçün çalışır. Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq gələcəkdə də oxşar sosial məsuliyyət layihələri ilə cəmiyyətin inkişafına töhfə verməyə davam edəcəyik.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti
İsti yay günləri və müvafiq olaraq çimərlik mövsümünün başlaması ilə əcnəbilərin Azərbaycana səfərlərində artım müşahidə edilir. Bəs əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti qalma müddəti qanunvericiliklə nə qədər müəyyənləşdirilib? Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti aşağıdakı kimidir:
əgər əcnəbi və ya vətəndaşlığı olmayan şəxs viza ilə Azərbaycan Respublikasına səfər etmişsə bu zaman Azərbaycan Respublikasında müvəqqəti olma müddəti vizada göstərilən qalma müddəti ilə məhdudlaşır;
viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz.
Bu müddət bitənədək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə müvəqqəti olma müddətini uzatmadıqda və müvəqqəti yaşamaq üçün icazə almadıqda, habelə müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin alınması üçün müraciət etmədikdə, Azərbaycan Respublikasının ərazisini tərk etməlidir.
Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdır. Bu barədə məlumat ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sərhəd buraxılış məntəqələrində verilir.
Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi və ya əcnəbi və ya vətəndaşlığı olmayan şəxs özü, Miqrasiya Məcəlləsində nəzərdə tutulan sənədləri müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, viza ilə gəldikdə vizada göstərilən müddətə, vizasız gəldikdə isə 90 gün müddətinə müvəqqəti qeydiyyata alınır. Qeyd edək ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.
Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, 5 iş günü ərzində yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur.
Yuxarıda qeyd edilən qaydaların əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən pozulması İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyət yaradır. Belə ki, bu qaydalara əməl etməyən şəxslər ölkədən çıxarılmaqla və ya çıxarılmamaqla cərimə edilir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yeri tərk etdikdə, onu qəbul edən tərəf və ya şəxs özü bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər avtomatik olaraq qeydiyyatdan çıxarılmış hesab edilir.
Özbaşına (qanunsuz) tikili nədir və nə zaman sökülməlidir?
Vətəndaşlar bir çox hallarda öz tikililəri ilə bağlı bəzi problemlərlə qarşılaşır. Dövlət orqanları tərəfindən tikililərinin qanunsuz olduğu və söküləcəyi barədə xəbərdar edilirlər. Bəs Azərbaycan Respublikası qanunvericiliyinə görə hansı tikililər qanunsuz sayılır və sökülməlidir? Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə edə bilməz. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə verməlidir. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:
torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;
tikinti layihəsi;
sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti, fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti;
“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi.
Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi qanunda nəzərdə tutulmuş bəzi hallarda sökülə bilər:
Şəhərsalma və Tikinti Məcəlləsinə görə, tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə;
tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə və buna əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda.
Bu hallarda tikinti obyeklərinin sökülməsi barədə qərar qəbul edilir. Bu qərar məhkəmədə maraqlı şəxslər tərfindən mübahisələndirilə bilər.
“IDEA Consulting & Solutions” : “Sizin üçün də bir hədiyyəmiz var”
Yeni ili Qubada qarşılayın!
“Bakutel 2018” sərgisi çərcivəsində “IDEA Consulting & Solutions” şirkətinin elan etdiyi müsabiqə Sizə yadda qalan yeni il hədiyyəsi bəxş edəcək.
“Sizin üçün də bir İDEYAmız var” şüarı ilə hüquqi, maliyyə, mühasibat, biznes və İnformasiya Texnologiyaları sahəsində müxtəlif xidmətlər təqdim edən “IDEA Consulting & Solutions” şirkəti Bakı Ekspo mərkəzdə keçiriləcək “Bakutel 2018” sərgisinin iştirakçılarını öz stendinə dəvət edir. Stend “Baku Ekspo Mərkəzi”nin 2-ci zalında yerləşir.
Şirkətin əməkdaşları sərgi çərçivəsində ziyarətcilərə, öz xidmətləri və yenilikləri ilə bağlı ətraflı məlumat verəcəklər.
Sərgidən əvvəl şirkətin xidmətləri ilə “IDEA Consulting & Solutions” şirkətinin saytında tanış ola bilərsiniz.
Şirkət xidmətlərini sərgi iştirakçılarına təqdim etməklə yanaşı, onlara “IDEA”dan xoş bir xatirə, yeni il hədiyyəsi qazanmaq imkanı yaradır.
Müsabiqənin sponsoru “Terra Travel” turizm şirkəti qalibə Quba Şahdağ otelində 2 gecə/3 gün, 2 nəfərlik qonaqlama hədiyyə edəcəkdir.
Müsabiqənin şərtləri:
Müsabiqə iştirakçısı “IDEA Consulting & Solutions” şirkətinin stendində təqdim ediləcək müsabiqə səhifəsində öz emailindən istifadə edərək 07.12.2018-ci il saat 12:00-dək qeydiyyatdan keçməli;
Müsabiqə iştirakçısı qeydiyyatdan keçdikdən sonra öz emailinə göndərilən təsdiq linki ilə iştirakını təsdiqləməli və nəticədə qeydiyyat nömrəsi əldə etməli;
Müsabiqə iştirakçısı qeydiyyatdan keçərkən öz Facebook istifadəçi ünvanını (nümunə: facebook.com/nickname) müvafiq xanada qeyd etməli, “IDEA Consulting & Solutions” və “Terra Travel” şirkətlərinin Facebook səhifələrini bəyənməli;
Müsabiqənin şəffaflığını təmin etmək üçün dünyaca məhşur random.org saytından istifadə edilərək iştirakçılara verilən qeydiyyat nömrəsi əsasında təsadüfi seçim ilə qalib müəyyən ediləcək;
Təsadüfi seçilən qeydiyyat nömrəsinə uyğun iştirakçı emailini təsdiqləməyən, “IDEA Consulting & Solutions” və “Terra Travel” şirkətlərinin Facebook səhifələrini bəyənməyən iştirakçı olarsa bu zaman qalib növbəti təsadüfi seçiləcək qeydiyyat nömrəsi əsasında müsabiqə şərtlərinə uyğun olaraq müəyyən ediləcək;
Müsabiqə qalibinə hədiyyə təqdim edilərkən çəkilən şəkillər “IDEA Consulting & Solutions” və “Terra Travel” şirkətlərinin saytında və sosial media səhifələrində paylaşılacaq.
Müsabiqə qalibinin müəyyən edilməsi “Bakutel 2018” sərgisinin sonuncu günü (07.12.2018) həyata keçiriləcək. Bu barədə “IDEA Consulting & Solutions” və “Terra Travel” şirkətlərinin Facebook səhifələrində öncədən məlumat paylaşılacaq.
Müsabiqə qalibinin seçim prosesi “Terra Travel” turizm şirkətinin Facebook səhifəsində (fb.com/terratravelazerbaijan) canlı olaraq yayımlanacaq.