16.05.2024
1679
İşdən Çıxma Halında Son Haqq-hesab
Son zamanlarda işdən çıxma hallarında son haqq-hesabın ödənilməməsi hallarına çox rast gəlirik. Bunun əsas səbəblərindən biri də işçilərin öz hüquqlarını yaxşı bilməməsi və haqlarını tələb etməmələridir. Buna görə də gəlin bu məqaləmizi məhz işdən çıxma hallarında son haqq-hesabın necə aparılmalı olmasına həsr edək.
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinə xitam verilərkən ilk öncə işəgötürən bu barədə əsaslandırılmış əmr (sərəncam, qərar) verməlidir və həmin əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Son iş günündə isə işdənçıxarma əmrinin surəti, işçinin əmək kitabçası və son haqq-hesab işçiyə verilməlidir. Bəs son haqq-hesab deyərkən nə nəzərdə tutulur?
Son haqq-hesab deyərkən qanunvericilik istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin verilməsini, işçiyə ödənilməli olan əmək haqqının və digər ödəmələrin edilməsini nəzərdə tutur. Son haqq-hesab edildikdən sonra isə işəgötürən haqq-hesab sənədi ( və ya haqq- hesab kitabçası, vərəqi, çeki) tərtib etməli və onu qeydiyyata aldırmalıdır.
İşdən çıxma hallarında siz də əmək münasibətlərinə xitam vermə prosesinin qanunvericiliyə uyğun aparıldığından əmin olun və öz haqlarınızı tələb etməkdən çəkinməyin!