BLOQ

31.05.2024
981

Yararlılıq və zəmanət müddəti

     Yəqin ki tez-tez müxtəlif məhsulların və malların üzərində yararlılıq və ya zəmanət müddəti ifadəsinə rast gəlirsiniz. Bəs yararlılıq və ya zəmanət müddəti nədir? Onlar arasındakı fərq nədən ibarətdir?      Yararlılıq müddəti tez xarab olan, insan sağlamlığına, həyatına və əmlakına, ətraf-mühitə təhlükə yarada bilən məhsulların, məsələn, qida məhsullarının, dərmanların, bəzi kosmetik vasitələrin istifadəsi üçün nəzərdə tutulmuş müddətdir. Bu səbəbdən də yararlılıq müddəti ötmüş malların satışı qadağan edilir.      Zəmanət müddəti isə istehsalçının və ya satıcının malın, işin, xidmətin və ya. hansısa məmulatın qanunvericilkdə və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində normal qaydada fəaliyyət göstərməsini təmin etməsidir.      Yararlılıq müddəti adətən qida, dərman, kosmetika-ətriyyat məhsullarının üzərində göstərilir, lakin zəmanət müddəti malın, işin, xidmətin pasportunda və ya nişanlama kağızında və ya digər sənəddə göstərilir. Həmçinin, zəmanət müddətləri malın istehlakçıya verildiyi vaxtdan, yararlılıq müddətləri isə məhsulların hazırlandığı gündən hesablanır.       Qanunvericiliyə əsasən, istehsalçı məhsulların üzərində mütləq şəkildə yararlılıq müddətini göstərməlidir, satıcı isə alıcıya yararlılıq müddəti keçməmiş məhsul satmağa borcludur. Əks halda, yəni istehlakçıya keyfiyyətsiz qida məhsulu satıldığı hallarda, məhsulun keyfiyyətsizliyi onun yararlılıq müddəti ərzində aşkar olunarsa, bu halda satıcı həmin məhsulu keyfiyyətli məhsul ilə dəyişdirməli və ya məhsulu almaq üçün ödənilmiş pul məbləğini qaytarmalıdır. Əgər əşya üçün yararlılıq müddəti müəyyənləşdirilməyibsə, bu halda alıcı əşyanın keyfiyyətsiz olması ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsində müəyyən edilmiş daha uzun müddətdə irəli sürə bilər.      Qanunvericiliyin zəmanət müddəti ilə bağlı tələblərinə gəlincə isə, alıcı və ya istehlakçı zəmanət müddəti ərzində aldığı malda qüsurlar aşkar edərsə, bu halda satıcıdan və ya istehsalçıdan öz istəyinə görə aşağıdakılardan birini tələb edə bilər:  Keyfiyyətsiz malı lazımi keyfiyyətli mala dəyişdirməyi;  Qüsurlu malın satış qiymətini onun qüsuruna mütənasib məbləğdə azaltmağı;  Keyfiyyətsiz malın qüsurlarının satıcı tərəfindən aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini;  Qüsurlu malın həmin mala uyğun digər modelli (markalı, tipli və sair) mal ilə əvəz edilməsini;  Malın, işin, xidmətin satılmasına dair müqavilənin ləğv edilməsini və çəkdiyi xərcin ödənilməsini.      Malda qüsurlar aşkar edildiyi halda, alıcı əşyanın qüsurları ilə bağlı tələblərini qarantiya müddəti ərzində, qarantiya müddəti müəyyənləşdirilmədiyi hallarda isə mal ona verildikdən iki il ərzində irəli sürə bilər.      Tövsiyəmiz odur ki, siz də hər hansısa mal alarkən onun yararlılıq və zəmanət müddətinə baxasınız, malın qüsurlu və ya keyfiyyətsiz olduğu hallarda məqaləmizdə qeyd edilən müddətlərdə və formada öz hüquqlarınızın müdafiəsini tələb edəsiniz.