BLOQ

04.08.2022
637

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti

İsti yay günləri və müvafiq olaraq çimərlik mövsümünün başlaması ilə əcnəbilərin Azərbaycana səfərlərində artım müşahidə edilir. Bəs əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti qalma müddəti qanunvericiliklə nə qədər müəyyənləşdirilib? Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti aşağıdakı kimidir: əgər əcnəbi və ya vətəndaşlığı olmayan şəxs viza ilə Azərbaycan Respublikasına səfər etmişsə bu zaman Azərbaycan Respublikasında müvəqqəti olma müddəti vizada göstərilən qalma müddəti ilə məhdudlaşır; viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. Bu müddət bitənədək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə müvəqqəti olma müddətini uzatmadıqda və müvəqqəti yaşamaq üçün icazə almadıqda, habelə  müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin alınması üçün müraciət etmədikdə, Azərbaycan Respublikasının ərazisini tərk etməlidir. Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdır. Bu barədə məlumat ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sərhəd buraxılış məntəqələrində verilir. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi və ya əcnəbi və ya vətəndaşlığı olmayan şəxs özü, Miqrasiya Məcəlləsində nəzərdə tutulan sənədləri müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, viza ilə gəldikdə vizada göstərilən müddətə, vizasız gəldikdə isə 90 gün müddətinə müvəqqəti qeydiyyata alınır. Qeyd edək ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, 5 iş günü ərzində yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur. Yuxarıda qeyd edilən qaydaların əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən pozulması İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyət yaradır. Belə ki, bu qaydalara əməl etməyən şəxslər ölkədən çıxarılmaqla və ya çıxarılmamaqla cərimə edilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yeri tərk etdikdə, onu qəbul edən tərəf və ya şəxs özü bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər avtomatik olaraq qeydiyyatdan çıxarılmış hesab edilir.