BLOQ

26.08.2022
1665

Fiziki şəxsin xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsi

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, son iki il ərzində fiziki şəxs yaşayış yerində görünməyibsə və hazırda olduğu yer məlum deyilsə maraqlı şəxslərin ərizəsi əsasında məhkəmə onu xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin müddət fiziki şəxs barəsində son məlumatların alındığı gündən hesablanır. Həmin günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma müddətinin hesablanması itkin düşmüş barəsində son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, bunu da müəyyənləşdirmək mümkün olmadıqda  sonrakı ilin yanvar ayının 1 – dən hesablanır.
Şəxsin xəbərsiz itkin düşməsi haqqında məhkəmə qərarı qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri onun əmlakını etibar olunmuş əmlak kimi idarə etmək və ondan fayda götürmək hüququ əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüş şəxsin öhdəsində olanlara dolanışıq xərcləri verilir və borclar ödənilir. 
Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində heç bir məlumat yoxdursa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşüb və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Əgər hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatlar zamanı xəbərsiz itkin düşərsə həmin şəxs hərbi əməliyyatların bitməsindən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər.
Şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarı qüvvəyə mindiyi gün onun ölüm günü hesab edilir və fiziki şəxsin ölümü ilə əlaqədar yaranan hüquqi nəticələr adi qaydada tətbiq edilir.
Ölmüş elan edilmiş şəxs qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə şəxsin ölmüş elan edilməsi ilə bağlı məhkəmə qərarı ləğv edilir. Nə vaxt qayıtmasından asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqasına verilmiş əmlakının qalan hissəsinin qaytarılmasını tələb edə bilər.