BLOQ

15.12.2023
834

"Rəqəmsallaşma və Müştəri Əlaqələri" mövzusunda İşgüzar Səhər Yeməyi

14.12.2023-cü il tarixində "Marsol Group" tərəfindən "Mado" restoranında təşkil edilmiş "İşgüzar səhər yeməyi" çərçivəsindəki görüşdə bir sıra şirkət sahibləri bir araya gələrək "Rəqəmsallaşma və müştəri əlaqələri" mövzusunda müzakirələr aparıblar. Görüş zamanı edilən müzakirələr "İDEA Consulting and Solutions" MMC-nin rəhbəri Ceyhun Məmmədov bu görüşdə çıxış edərək şirkətimizin təklif etdiyi İT inteqrasiya həlləri, hüquq, mühasibatlıq və audit xidmətləri barədə ətraflı məlumat verib. Ceyhun bəy "Rəqəmsallaşma və müştəri əlaqələri" mövzusunda da öz təcrübələrini sahibkarlarla bölüşüb.  Təqdimat zamanı Ceyhun Məmmədov rəqəmsallaşmanın əhəmiyyəti, onun şirkətlərə təsiri, CRM və Texnologiya tətbiqləri, müştəri məlumatlarının təhlili, Big Data və Süni Zəka (AI), strategiyalar və təkliflər barəsində ətraflı məlumatlar bölüşüb. Rəqəmsal transformasiya nədir? Rəqəmsal transformasiya texnologiya və informasiya sahələrində inkişaf etmiş alətlər vasitəsilə biznes prosesləri avtomatlaşdırma və yeni imkanlardan yararlanma prosesidir. Biznesə təsiri - Rəqəmsal transformasiya iş proseslərinin daha effektiv və sürətli olmasını təmin edərək biznesi daxili və xarici bazarlarda rəqabətədayanqlı edir və gəlir artımı imkanı yaradır. CRM CRM, yəni Müştəri Münasibətləri İdarəetməsi (Customer Relationship Management), müştərilərlə münasibətləri idarə etmək üçün istifadə edilən bir strategiya, proses və texnologiya birləşməsidir. CRM sistemləri, müştəri məlumatlarını mərkəzləşdirmək, satış və marketinq fəaliyyətlərini optimallaşdırmaq və müştəri xidmətlərini yaxşılaşdırmaq üçün lazımi texniki alətlər və proqram təminatı təklif edir. Big Data Müxtəlif mənbələrdən əldə edilən və adətən ənənəvi məlumat bazalarıtərəfindən idarə edilə bilməyəcək qədər böyük, həm də strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumattoplusudur. Şirkətlər bu məlumatları istifadə edərək, müştəri tələbatlarını daha yaxşı başa düşə, xidmətlərini daha effektiv şəkildə fərdiləşdirə və biznes qərarlarını məlumatlara əsaslanaraq yaxşılaşdıra bilərlər. Süni Zəka (AI) Süni Zəka, insan zəkasının bəzifunksiyalarınıtəqlid edə bilən və məlumatlarıtəhlil etmək, öyrənmək, qərar qəbul etmək və problemləri həll etmək üçün proqramlaşdırılmış alqoritmlərtoplusudur. AI, Big Data-nı işləmək və analiz etmək üçün gücündən istifadə edir ki, bu da şirkətlərin prediktiv analizlər və məhsul inkişafı sahələrində daha dəqiq qərarlar verməsinə imkan verir. AI-nin qabiliyyətləri məlumatlar arasında əlaqələritapmaq, istifadəçi davranışlarını proqnozlaşdırmaq və müştəri xidmətlərini avtomatlaşdırmaq kimi bir çox sahədə tətbiq edilə bilər. Şirkətimiz tərəfindən hazırlanmış "Rəqəmsallaşma və müştəri əlaqələri" mövzusunda təqdimata bu linkdən keçid edə bilərsiniz.
20.10.2023
659

“IDEA Consulting and Solutions” şirkətinin Azərbaycanın aparıcı şirkətlərilə görüşü

Bu gün “IDEA Consulting and Solutions” şirkəti olaraq “Marsol Group”un təşkilatçılığı ilə keçirilən ofis ziyarətindən əvvəl ölkənin aparıcı şirkətlərinin rəhbərləri üçün işgüzar səhər yeməyi təşkil etdik. “Marsol Group”un təşkilatçılığı ilə keçirilən ofis ziyarətləri, biznes sahəsindəki yenilikləri və təcrübələri birləşdirən unikal bir platformadır. Sözügedən tədbir şirkətləri bir-biriləri ilə əlaqə qurmağa, təcrübələrini paylaşmağa və birgə inkişaf etməyə imkan yaradır. Tədbirdə bəhs edilən mövzular Şirkətimizin rəhbəri Ceyhun Məmmədov işgüzar səhər yeməyində şirkətin hüquq, maliyyə, biznes, brendinq və İT sahəsindəki xidmətlərini, yeni proqram təminatlarını və öz müəllif hüquqları ilə qorunan “Lorex LMS”  sistemini təqdim edib. O, tədbir iştirakçıları üçün şirkətin əsas üstünlüklərini də vurğulayıb: “İnnovativ və peşəkar yanaşma ilə son texnoloji trendləri və müasir məsləhətlərlə müştərilərimizə rəqabətdə üstünlük yaradan həllər təklif edirik. Fərdi və yüksək səviyyədə xidmət göstərərək hər bir müştəri ilə fərdi şəkildə işləyirik. Müştərilərimizin gözləntilərini özümüzə standart kimi qəbul edirik. Dayanıqlı iş əlaqələrinə gəlincə, qarşılıqlı etimad və uzunmüddətli iş əlaqələri qurmağa böyük önəm veririk. Texnoloji üstünlüklərimiz isə biznesinizin rəqəmsal transformasiyasını həyata keçirmək üçün müasir texnoloji imkanlardan yararlanmaqdır. Bu gün burada olan hər birinizin iştirakı bizim üçün çox qiymətlidir. “IDEA Consulting and Solutions” olaraq tərəfdaşlarımızla əlaqələrimizi möhkəmləndirmək, birgə böyümək və uğurlu olmağa ümid edirik”. Ofis ziyarəti Tədbirin sonunda iştirakçılar “IDEA Consulting and Solutions" şirkətinin ofisinə dəvət olundular. Qonaqlar ofisin bölmələri ilə tanış edilib, innovativ texnologiyaların tətbiqi, komandanın iş prinsipləri və şirkətin müxtəlif layihələri haqqında maraqlı məlumatlar əldə etdilər. İştirakçılar bu təcrübə ilə şirkətin iş mühitinin incəlikləri ilə yaxından tanış oldular. Tədbir qonaqların şirkətin təklif etdiyi həllərə və xidmətlərə marağını artırıb, bir neçə şirkət rəhbəri ilə potensial əməkdaşlıq üçün müzakirələr planlaşdırılıb. Tədbirdə iştirak edən şirkətlər Qeyd edək ki, tədbirdə Babək "Sirab" ASC, “Prive Steak Gallery”, “BMZ Collages”, “Tuna” QSC, “Azestetik Group”, “RiF Ofis Mebeli”, “Mega” Həyat Sığorta, “Bakcell”,  Zəhra Klinikası, “XXI Əsr Məktəbi”, “Hellmann Worldwide Logistics” kimi məşhur şirkətlər iştirak edib.
13.09.2023
868

Qız qaçırtma adam oğurluğu hesab olunurmu?

     Bir zamanlar ölkəmizdə ən aktual problemlərdən biri də xalq arasında ‘‘qız qaçırtma’’ adı ilə tanınan adam oğurluğu əməllərinin törədilməsi idi. Lakin, təəssüf ki, hələ də bəzi bölgələrimizdə bu kimi hallara rast gəlinir və bu hal tamamilə normal qarşılanır. Hətta bu əməl cəmiyyətə o qədər ‘‘doğmadır’’ ki, bunun gülməli, əyləncəli, xoş təəssürat bağışlayan, yaxşı bir şey imiş kimi qələmə verən komediya janırında filmlərimiz çəkilir və bu filmlərə cəmiyyət tərəfindən tələb və maraq da çoxdur. Qanunvericilikdə qız qaçırtma      Bəs qanunvericilik? Qanunvericilik izdivac məqsədilə adam oğurluğunun törədilməsini necə qarşılayır? Qadınlar könüllü şəkildə buna yol verdikdə, sözügedən əməl cinayət hesab olunur mu?      İlk öncə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsi adam oğurluğunu qadağan edib, lakin adam oğurluğunun özündə nələri ehtiva etdiyini, adam oğurluğu deyərkən tam olaraq hansı əməllərin nəzərdə tutulduğunu aydınlaşdırmayıb. Məhz bu səbəbdən də hələ də qız qaçırtmanın adam oğurluğu hesab edilib-edilmədiyi barədə müzakirələr var.      Azərbaycanın hüquq sistemi çərçivəsində, qız qaçırtma və ya adam oğurluğu zamanı qaçırılan və ya oğurlanan şəxsə maddi ziyan dəydiyi təqdirdə, bu hadisəni törədən şəxsə cəza verilməsi mütləq hal kimi qiymətləndirilir.      Əgər bu hadisəni törədən şəxs, ictimai rahatlığa və ya başqalarının hüquqlarına ziyan vurursa, məsuliyyətə cəlb edilə bilər və hüquq-mühafizə orqanları tərəfindən cinayətin törədildiyi hal üzrə istintaq apara bilər. Daha sonra məhkəmə həmin cinayətin qərarını verir və cəzalandırıcı tədbirləri müəyyən edir.      Əsas qayda olaraq, hüquqi cərimələr və cinayətlərin qiymətləndirilməsi, hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən müəyyən edilir və hansısa bir cinayətin qərarı verilərkən hüquqi proses və məhkəmə hökmləri nəzərə alınır. Bu səbəbdən qız qaçırtma halında qiymətləndirmə prosesi hüquqi mühitdə qarşılaşılan konkret faktlara əsaslanır.      Qız qaçırtmanın adam oğurluğu hesab edilməsi üçün bu əməlin törədən şəxs bunu zor tətbiq edərək və yaxud da hədə-qorxu gələrək, qarşı tərəfin razılığı olmadan etməlidir. Əks təqdirdə, yəni qarşı tərəf özü bu hala yol verdikdə, bu halla razılaşdıqda törədilmiş əməl adam oğurluğu hesab edilməyəcək, çünki burada bir şəxsin öz iradəsinə əsasən verdiyi qərardan söz gedəcək, məcburi hər hansısa bir əməldən deyil.        Lakin əgər qız qaçırtmanın qurbanı olmuş şəxs yetkinlik yaşına çatmayıbsa, yəni yaşı 18-dən azdırsa, bu halda onun razılığı olsa da, olmasa da sözügedən əməl adam oğurluğu hesab ediləcək. Cinayət Məcəlləsinin 144-cü maddəsi      Qanunvericilk 14 yaşından yuxarı hər kəsə adam oğurluğuna görə cəza təyin edir. Belə ki, Cinayət Məcəlləsinin 144-cü maddəsinə əsasən, bu əmələ görə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub. Lakin əgər bu əməl: 1. iki və ya daha çox şəxsə qarşı; 2. aşkar surətdə hamilə vəziyyətdə olan qadına qarşı törədilsə və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və yaxud da cinayətkar birlik          tərəfindən;   3. zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə; 4. silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə; 5. tamah məqsədi ilə və ya sifarişlə törədilsə, bu halda 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.      Qanunvericilik adam oğurluğu əməlinin yetkinlik yaşına çatmayan şəxs barəsində törədilməsi halında və ya adam oğurluğunun ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olması hallarında daha ağır sanksiya nəzərdə tutur. Bu hallarda təqsirkar şəxs 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cəmiyyətimizi qoruyaq      Məqalənin əvvəlində də qeyd edildiyi kimi, bir zamanlar qız qaçırtma adı altında adam oğurluğu ən çox rast gəlinən problemlərdən biri idi və hələ də bəzi bölgələrdə bu kimi hallara rast gəlinir. Bunun qarşısını almaq üçün, həmçinin oğurlanmış adamın hər hansısa bir güc tətbiqinə, zora, psixolojik gərginliyə məruz qalmaması üçün, yəni sırf həmin şəxsin sağlamlığını düşünərək qanunvericiliyimiz əməllərində başqa cinayət tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxsləri cinayət məsuliyyətindən azad edir.      Gəlin izdivac məqsədi ilə, ‘‘iki sevən şəxsin qovuşması’’ adı altında və ya ‘‘heç kim bilməsin, qızımızın adına söz çıxar’’ düşüncəsi ilə xalq arasında qız qaçırtma adı ilə normallaşdırılan adam oğurluqlarına son verək və bunu normallaşdıraraq cəmiyyətə aşılamayaq. "Fiziki şəxsin xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsi" adlı məqaləmizə keçid edin.
13.07.2023
548

"İdea Consulting and Solutions" MMC Autizm Mərkəzini ziyarət etdi

      "İDEA Consulting and Solutions" MMC-nin rəhbəri Ceyhun Məmmədov "Marsol Group"un təşkilatçılığı ilə "Birgə və Sağlam" İctimai Birliyinin Autizm Mərkəzinə ziyarət edib. Qeyd edək ki, Bakının Nizami rayonunda yerləşən həmin mərkəz Heydər Əliyev Fondu tərəfindən inşa edilib.      Autizm xəstəlik deyil        Mərkəz autizm sahəsində maarifləndirici layihələr həyata keçirir, autizm spektr pozuntuları olan şəxslərə zəruri ünsiyyət bacarıqlarını öyrətmək və onları müstəqil həyata hazırlamaq üçün ailələrlə işləmək istiqamətində fəaliyyət göstərir.        Autizmin xəstəlik deyil, bir fərqlilik olduğunu vurğulayan "Birgə və Sağlam" İctimai Birliyinin sədri Aytən Eynalova autizmə qalib gəlmək üçün erkən müdaxilə və kompleks reabilitasiya tədbirlərindən yararlanmağın ən effektiv metod olduğunu bildirdi.      Onların inanılmaz bacarıqları var      Ziyarət zamanı qonaqlar cəmiyyətə inteqrasiyası zəif olan bu şəxslərlə tanış oldular, onların öz qabiliyyət və bacarıqları ilə hazırladıqları bir-birindən gözəl əl işlərinin xeyriyyə satışında iştirak etdilər, həmçinin bu istedadlı gənclərin musiqili konsertlərini dinlədilər.     Hər bir uşaq dəyərlidir      Ölkəmizdə uşaq və gənclərin inkişafına, o cümlədən həssas kateqoriyalardan olan vətəndaşlarımıza qayğı ilə yanaşılması vacib və mühüm məsələlərdəndir. "İDEA Consulting and Solutions" MMC də bu istiqamətdə öz səyini əsirgəmir. Şirkətimiz cəmiyyətin rifahı, gənclərin savadlı kadr kimi yetişməsi və ətraf mühitin qorunmasına hər zaman dəstək verir. Görüşdə şirkətin rəhbəri Ceyhun Məmmədov müasir dövrdə çox aktual olan bu problemin həllinə dəstək olaraq mərkəzdəki autizm spektr pozuntuları olan şəxslərin təhsillərinə də xüsusi dəstək veriləcəyini bildirmiş və hər kəsi autizm sindromlu uşaqlara qarşı daha da diqqətli olmağa çağırmışdır.
04.05.2023
894

Nə üçün BEH qoyuruq?

     Beh öhdəliklərin icrasının təmini üsullarından, həmçinin müqavilənin bağlanmasını təsdiq edən vasitələrdən biridir. Beh müqavilə tərəflərindən birinin digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Təcrübədə tez-tez müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhələr yaranır və ya ödənilmiş məbləğin beh olub-olmamasını müəyyən etmək mümkün olmur. Bu hallarda beh kimi ödənilmiş pul məbləği avans ödənişi kimi hesab edilir. Bu kimi problemlərin qarşısını almaq üçün qanunvericilik behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşmaların yazılı formada bağlanmasını tələb edir. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə olduqda isə, qanunvericilik beh barədə raılaşmanın notariat qaydasında təsdiq edilməli olduğunu vurğulayır. Behin məqsədi ondan ibarətdir ki, əgər beh vermiş tərəf müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyırsa, bu halda beh müqavilənin digər tərəfində qalır. Lakin müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf behdən əlavə, müqavilənin icra edilməməsi nəticəsində  dəymiş zərərin də əvəzini ödəməyə borcludur.        Lakin bəzi hallarda olur ki, beh almış tərəfin məsuliyyətsizliyi üzündən müqavilə icra edilmir. Bəs bu halda nə olur? Əgər müqavilənin icra edilməməsinin səbəbi beh almış tərəfin məsuliyyətsizliyidirsə, bu halda behi almış tərəf digər tərəfə behin iki qatı məbləğində ödəniş etməlidir, hansı ki bir növ kompensasiya məqsədi daşıyır.       Lakin müqavilə tərəfləri öhdəliyin icrasına başlanana qədər öz aralarında müqaviləyə xitam vermək üçün razılaşarlarsa  və ya müqavilənin icranın mümkün olmaması səbəbindən müqaviləyə xitam verərlərsə, beh onu vermiş şəxsə qaytarılmalıdır.      Gördüyünüz kimi beh bir növ tərəfləri müqavilədən irəli gələn öhdəliklərini icra etməyə sövq edir. Məhz bu səbəbdən də behi öhdəliyin təmini üsulu kimi fərqləndirir və gündəlik həyatımızda çox tətbiq edirik.
02.05.2023
887

Silah saxlamaq olarmı?

         Azərbaycan respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsinə əsasən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə qanunla qadağan olunur. Bu əməllərin törədilməsi cinayət hesab olunur. Bu növ cinayətlər üçün iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Bu cür əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qabaqcadan bir və ya bir neçə cinayətin törədilməsi üçün birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən bu əməllər törədildikdə isə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.          Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə qanunla qadağan olunur. Bu əməllər törədildikdə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Qanuna əsasən sadlanan əşyalara sahib olan və onları könüllü sürətdə təhvil verən şəxslər əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.           Xidməti və mülki silah haqqında qanunda verilən anlayışa əsasən silah dedikdə canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitələr nəzərdə tutulur. Soyuq silah dedikdə isə konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silah nəzərdə tutulur.
27.04.2023
363

Mirasın tərkibinə nələr daxildir və əmlak hansı anda vərəsəyə keçmiş hesab olunur?

         Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras aktivi şəxsin sahib olduğu hüquqlar, miras passivi isə onun etməli olduğu öhdəliklər hesab olunur. Məcəllənin 1153-cü maddəsinə əsasən, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız şəxsin sağlığında qüvvədə olan və onun ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir.        Vərəsəlik dedikdə isə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən mirasının digər şəxslərə keçməsi başa düşülür. Mirasın keçməsi vərəsəlik hüquq normalarında göstərilən qaydada həyata keçirilir. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə vərəsəlik olmaqla iki yerə ayrılır. Qanun üzrə vərəsəlik halında şəxs öldüyü və miras açıldığı andan əmlak üzərində mülkiyyət hüququ və sahiblik vərəsəyə birbaşa keçir. Bunun üçün vərəsənin bu barədə məlumatlı olması və mirası qəbul etməsi tələb olunmur. Ölən şəxsin birinci növbədə vərəsələri və ya Mülki Məcəllənin 1159-cu maddəsində göstərilmiş ardıcıl olaraq digər növbədə vərəsələri Daşınmaz əmlakın dövlət reyestri xidmətinə (notarius) yaxınlaşaraq özünün vərəsə olmasını bildirərək vərəsəlik şəhadətnaməsi ala bilər. Bu şəhadətnamə əsasında şəxs ölən şəxsin adına qeydiyyatda olan əmlakı öz adına rəsmiləşdirə bilər.
19.04.2023
242

"İdea Consulting and Solutions” MMC Marsol şirkətin biznes fəaliyyətini rəqəmsallaşdırdı

        17 aprel 2023-cü il tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Marsol Group”un təşkilatçılığı ilə "Marriott Hotel Boulevard"da Ramazan ayı münasibətilə 500-dən çox sahibkarın və bir sıra dövlət qurumlarının iştirak etdiyi "Sahibkarlarla iftar süfrəsi" adlı tədbir baş tutub. Tədbirdə dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədri Orxan Məmmədov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Vüqar İskəndərov və Müşfiq Məmmədli ilə yanaşı “IDEA Consulting and Solutions” şirkətinin rəhbəri Ceyhun Məmmədov da iştirak edib. “Rəqəmsallaşma və müştəri əlaqələri, Biznesin gələcəyi” mövzusunda təqdimat edən Ceyhun Məmmədov “IDEA Consulting and Solutions” MMC və Marsol şirkətinin birgə əməkdaşlığı çərçivəsində görülmüş işlər haqqında məlumat verib, “Rəqəmsal transformasiya” mövzusunda çoxdandır gözlənilən “Marsol+” mobil tətbiqinin təqdimatını edib. Qeyd edib ki, “IDEA Consulting and Solutions” MMC tərəfindən Marsol şirkətinin biznes fəaliyyətinin rəqəmsallaşması təmin edilmişdir. Beləki, Marsol şirkəti üçün sayt, CRM sistemi (müştəri əlaqələrinin idarəedilməsi) və “Marsol+” adlı mobil tətbiq hazırlanmış və şirkətin brendiqi (loqo və tanıtım videosunun hazırlanması) aparılmışdır. Sadalanan həllərin hazırlanmasında ən müasir texnalogiyalardan istifadə ilə yanaşı, süni intellekt həlləri də tətbiq edilmişdir. Bu yeni həllər, şirkətin müştəri əlaqələrinin idarəedilməsini və brendinqini gücləndirməyə kömək edəcək, fəaliyyətin daha effektiv olmasına və müştəri təcrübəsinin yaxşılaşmasına imkan yaradacaq. Bu rəqəmsallaşma  ilə Marsol şirkəti aşağıdakı faydaları əldə etmiş olacaq: CRM sistemi vasitəsilə müştəri əlaqələrinin idarə edilməsi asanlaşacaq; “Marsol+” mobil tətbiqi vasitəsilə müştərilərə daha sürətli və rahat xidmət göstərilməsi təmin ediləcək; Süni intellekt həlləri vasitəsilə iş proseslərinin təkmilləşdirilməsi nəticəsində səhv riski  minimlaşacaq, iş proseslərinin effektivliyi artacaq. Qeyd edək ki, “IDEA Consulting and Solutions” hüquq, maliyyə və mühasibatlıq, İT həllər, biznes həlləri, brendinq kimi ixtisaslaşmış fəaliyyət istiqamətlərinə malikdir.
17.04.2023
344

Nə üçün hüquqi yardım almaq önəmlidir?

     Avropa İnsan Hüquqları Konvensiyası 1-ci maddəsi ilə insan hüquqlarına hörmət olunmasının, hüquq və azadlıqların təmin edilməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsi də insan və vətəndaş hüquq və azadlıqlarının önəminə vurğu edib, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz, ayrılmaz hüquqlarının olduğunu qeyd edir.      Avropa İnsan Hüquqları Konvensiyanın 6-cı maddəsi isə ədalətli məhkəmə hüququnun tərkib hissəsi kimi müdafiəçidən istifadə etmək hüququnu qeyd edib. Bu bir hüquq kimi qeyd edilsə də, əslində hər zaman hüquqşünas köməyindən istifadə önəmlidir. Çünki gündəlik həyatımızda baş verən hər bir hadisənin qanunda hüquqi tənzimi nəzərdə tutulub və əgər bu hüquqi tənzimləmələri tətbiq etsək, həm qarşılaşa biləcəyimiz hüquqi problemləri önləmiş olarıq, həm də qanunla bizə verilmiş hüquqlardan daha effektiv şəkildə istifadə edə və həyatımıza daha doğru yön verə bilərik. Belə ki, siz nikah, boşanma, əmlak bölgüsü və sair kimi ailə münasibətlərində ailə hüququ üzrə ixtisaslaşmış hüquqşünasların köməyindən istifadə edərək Ailə Məcəlləsi ilə sizlərə tanınmış hüquqlardan faydalana bilirsiniz, cinayət hüququ sahəsində fəaliyyət göstərən müdafiəçilərdən istifadə edərək ittihamçı pozulmuş hüquqlarını bərpa edir, təqsirləndirilən və ya şübhəli şəxs isə qanunla nəzərdə tutulmuş cəzanın minimal həddində cəza almaq imkanına sahib olur. Həmçinin, hüquqi məsləhət alaraq qanunla hansı hərəkətlərin qadağan edildiyini və hansı hərəkətlərdən çəkinməli olduğunuzu da öyrənmiş olacaqsınız. Əmək qanunvericiliyi üzrə ixtisaslaşmış vəkillər isə əmək münasibətləri zamanı qarşılaşdığınız problemləri həll edir və yaranmış suallarınızı cavablandırır: sizin qanunsuz olaraq işdən çıxmanıza, intizam tənbehinə məruz qalmanıza, işəgötürən tərəfindən sizə yönələn hüquqpozmalarının qarşısını almanıza kömək edir, il ərzində neçə gün məzuniyyətə çıxa bilməniz, hansı iş şəraitinin təmin olunması və digər hüquqlarınız barədə sizi maarifləndirir.      Günümüzdə belə bir yanlış fikir də formalaşıb ki, hüquqi yardım yalnız məhkəmə prosesləri zamanı ehtiyac duyulan bir xidmətdir. Lakin hüquqi yardım deyərkən müdafiəçinin sizi təkcə məhkəmə proseslərində, arbitrajlarda müdafiə etməsi yox, yaranmış suallarınıza cavab vermək, sizi müxtəlif hüquq sahələrində bilgiləndirmək, işlərinizi qanunvericiliyə uyğun formalaşdırmaq, müəyyən hüquqi problemlərlə üzləşməkdən qorumaq və öz hüquq və azadlıqlarınızdan xəbərdar olmanız üçün hüquqi konsultasiyanı da nəzərdə tutur.      Günlük işlərinizi görərkən belə sizin hüquqi yardıma ehtiyacınız ola bilər. Necə? Siz hər gün marketdən çörək alırsınız. Bəs bilirsizniz mi hər gün çörək alarkən əslində siz əqd bağlayır və mülki-hüquqi münasibətə girirsiniz? Həmin çörəyi alarkən siz sadə bir prosesi yerinə yetirdiyinizi düşünürsünüz, lakin bu proses başlayarkən siz fərqinə varmadan oferta və ya aksept edir, müqavilə şərtlərini razılaşdırır, öhdəlik götürür və müqavilə bağlayırsınız, prosesin sonunda isə siz yararlılıq müddəti, ödənişin edilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi və sair kimi hüquqi tənzimləmələrə ehtiyac duya bilərsiniz. Gördüyünüz kimi etdiyiniz hər bir hərəkət əslində hüquqi tənzimləmə obyektidir. Hər bir hərəkət sizə əlavə öhdəlik və məsuliyyət yarada və ya qanunla müəyyən edilmiş əlavə imkanlar – güzəştlər və sair təmin edə bilər. Bütün bunlardan xəbərdar olmaq üçün isə hər bir zaman hüquqi məsləhətə ehtiyacınız var. Yəni hər zaman, hər bir məsələdə hüquqi yardım almağınız məqsədəuyğundur və ən yaxşı hüquqi yardımı isə bizə müraciət edərək ala bilərsiniz.
10.04.2023
1369

İşçinin iş ili ərzində neçə gün məzuniyyətə çıxmaq hüququ var?

Əmək Məcəlləsinin 9-cu və 110-cu maddələrinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də hər il qanunvericilik ilə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və əlavə məzuniyyətlərdən - sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etməkdir. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün bir dəfədən artıq olmamaq şərti ilə verilir və onun müddəti təqvim günü ilə hesablanır. Bəs iş ili necə hesablanır? Hansı müddətdir? İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Lakin işçi əmək məzuniyyətinə yalnız iş ili başlanıldıqdan sonra çıxa bilər.      Bəs əgər işçi əvvəlki illərdə əmək məzuniyyətinə çıxmadıqda həmin iş ili üçün istifadə edilməli olan məzuniyyət hüququ itirilmiş olur? İşçi əvvəlki ildə və cari iş ili üçün istifadə etmədiyi məzuniyyət hüququndan həmin təqvim ilində birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər və yaxud da istifadə etmədiyi məzuniyyət hüququna görə kompensasiya - əlavə pul məbləği ala bilər. Əmək Məcəlləsinin 112-ci maddəsi məzuniyyətin növlərini sadalayır. Belə ki, qanunvericilik əmək məzuniyyətlərinin aşağıdakı növlərini fərqləndirir: Əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; Sosial məzuniyyət; Təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; Ödənişsiz məzuniyyət. Lakin vurğulamaq lazımdır ki, qanunvericilikdə nəzərdə tutulanlardan əlavə əmək müqaviləsində və ya kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri də nəzərdə tutula bilər. İndi isə əmək məzuniyyətinin növləri üzrə işçinin hansı müddətlərdə məzuniyyətə çıxa bilməsini detallı müzakirə edək. İşçi iş ili ərzində minimum 21 gün əsas məzuniyyətə çıxmaq hüququna sahibdir. Lakin bəzi işçilərə ödənişli əsas məzuniyyət 30 gün müddətində verilməlidir. Bu işçilər kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilər; məsul vəzifələrdə qulluq keçən dövlət qulluqçuları; müəssisənin rəhbər işçiləri və mütəxəssislər; xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilər və inzibati-tədris heyəti işçiləri, həmçinin məktəbdənkənar uşaq müəssisələrinin rəhbərləri; təhsil müəssisələrinin metodistləri, baş ustaları, istehsalat təlimi ustaları, təlimatçıları, kitabxanaçıları, laborantları, emalatxana rəhbərləri, dayələr, dəyişək xidmətçiləri, bədii rəhbərləri;  elmi dərəcəsi olmayan elmi işçilər; həkimlər, orta tibb işçiləri və əczaçılardır. Mövsümi işlərdə çalışan işçilərə isə əsas məzuniyyət mövsümün sonunda hər iş ayına görə minimum iki təqvim günü  müddətə verilir. Yəni, tutaq ki, siz 3 ay mövsümi işdə işləmisiniz, bu zaman hər ay üzrə minimum 2 gün hesablanmaqla, mövsümün sonunda minimum 6 gün əsas məzuniyyət hüququnuz olacaq. Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərə isə Əmək Məcəlləsinin 118-ci maddəsindəki bölgüyə əsasən yay tətili dövründə 42 və 56 gün müddətində məzuniyyət verilir. İndi isə əlavə məzuniyyətlər üçün qanunvericilik tərəfindən müəyyənləşdirilmiş müddətlərə nəzər salaq. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır və ya əmək funksiyaları həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əmək şəraiti və əmək funksiyasının xüsusiyyətləri nəzərə alınmaqla minimum 6 gün əlavə məzuniyyət verilir. Əmək stajına görə də əlavə məzuniyyətlər verilir. Belə ki, 5-10 il əmək stajı olanlara 2 gün, 10-15 gün əmək stajı olanlara 4 gün, 15 ildən çox əmək stajı olanlara isə 6 gün müddətində əlavə məzuniyyət verilir. Lakin pedaqoji və elmi fəaliyyətlə məşğul olan, Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə, yaşı on səkkizədək olan, əlilliyi olan işçilərə və teatr-tamaşa və buna uyğun müəssisələrin işçilərinə əmək stajına görə əlavə məzuniyyətlər verilmir. Qanunvericiliyə əsasən, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 gün, 14  yaşda üç və daha çox uşağı olan və ya 18 yaşı tamam olmamış əlilliyi olan uşaqları olan qadınlara isə 5 gün müddətində əlavə məzuniyyət verilir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti minimum 42 gün, 16 yaşından 18 yaşınadək olan işçilərə isə minimum 35 gün məzuniyyət hüququ verilir. Əlillik dərəcəsindən, səbəbindən və müddətindən asılı olmayaraq əlilliyi olan işçilərə də əmək məzuniyyəti minimum 42 gün müddətində verilir. Həmçinin, teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii və artist heyətlərinə də əmək məzuniyyəti 42 gün, məhz səhnəyə xidmət edən işçilərə isə 35 gün müddətində verilir. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət alan, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı olan, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak edən və ya həmin dövrdə hərbi xidmətdə olub, lakin döyüş əməliyyatlarında iştirak etməyən hərbi qulluqçulara, İstiqlal ordeni ilə, bu qəbildən olan digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə 46 gündən çox məzuniyyət hüququ verilib. Əlavə məzuniyyətlərdən biri də təhsil məzuniyyətləridir, hansı ki Əmək Məcəlləsinin 124-cü maddəsinə əsasən müxtəlif hallara görə 20 təqvim günündən 4 ay müddətinədək müəyyən edilə bilər. Ən çox rast gəlinən sosial məzuniyyətlərdən biri də hamiləliyə və doğuşa görə müəyyən edilmiş məzuniyyətlərdir. Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü olmaqla cəmi 126 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda isə doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Lakin kənd təsərrüfatı istehsalında çalışan qadınlara isə hamiləliyə və doğuşa görə məzuniyyət doğuş prosesinin çətinliyindən asılı olaraq 140-180 təqvim günü müddətində verilir. İşçilərin xahişi ilə bir iş ili ərzində arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə, 16 yaşınadək uşağı olan və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara, ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə maksimum 14 təqvim günü; əlilliyi olan və ya doktoranturada təhsil alan işçilərə maksimum 1 ay; orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan və ya ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə maksimum 7 gün müddətində ödənişsiz məzuniyyətlər verilir. Qeyd edək ki, məzuniyyət hüququndan həm əsas, həm də əlavə iş yerində işləyən  işçilər istifadə etmək hüququna malikdir.