(+994 50) 700 04 06

BLOQ

04.08.2022
146

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti

İsti yay günləri və müvafiq olaraq çimərlik mövsümünün başlaması ilə əcnəbilərin Azərbaycana səfərlərində artım müşahidə edilir. Bəs əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti qalma müddəti qanunvericiliklə nə qədər müəyyənləşdirilib? Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti aşağıdakı kimidir: əgər əcnəbi və ya vətəndaşlığı olmayan şəxs viza ilə Azərbaycan Respublikasına səfər etmişsə bu zaman Azərbaycan Respublikasında müvəqqəti olma müddəti vizada göstərilən qalma müddəti ilə məhdudlaşır; viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. Bu müddət bitənədək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə müvəqqəti olma müddətini uzatmadıqda və müvəqqəti yaşamaq üçün icazə almadıqda, habelə  müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin alınması üçün müraciət etmədikdə, Azərbaycan Respublikasının ərazisini tərk etməlidir. Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdır. Bu barədə məlumat ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sərhəd buraxılış məntəqələrində verilir. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi və ya əcnəbi və ya vətəndaşlığı olmayan şəxs özü, Miqrasiya Məcəlləsində nəzərdə tutulan sənədləri müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, viza ilə gəldikdə vizada göstərilən müddətə, vizasız gəldikdə isə 90 gün müddətinə müvəqqəti qeydiyyata alınır. Qeyd edək ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, 5 iş günü ərzində yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur. Yuxarıda qeyd edilən qaydaların əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən pozulması İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyət yaradır. Belə ki, bu qaydalara əməl etməyən şəxslər ölkədən çıxarılmaqla və ya çıxarılmamaqla cərimə edilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yeri tərk etdikdə, onu qəbul edən tərəf və ya şəxs özü bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər avtomatik olaraq qeydiyyatdan çıxarılmış hesab edilir.
25.07.2022
149

Özbaşına (qanunsuz) tikili nədir və nə zaman sökülməlidir?

Vətəndaşlar bir çox hallarda öz tikililəri ilə bağlı bəzi problemlərlə qarşılaşır. Dövlət orqanları tərəfindən tikililərinin qanunsuz olduğu və söküləcəyi barədə xəbərdar edilirlər. Bəs Azərbaycan Respublikası qanunvericiliyinə görə hansı tikililər qanunsuz sayılır və sökülməlidir? Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə edə bilməz. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə verməlidir. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; tikinti layihəsi; sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti, fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi qanunda nəzərdə tutulmuş bəzi hallarda sökülə bilər: Şəhərsalma və Tikinti Məcəlləsinə görə, tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə və buna əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda. Bu hallarda tikinti obyeklərinin sökülməsi barədə qərar qəbul edilir. Bu qərar məhkəmədə maraqlı şəxslər tərfindən mübahisələndirilə bilər.
03.12.2018
5636

“IDEA Consulting & Solutions” : “Sizin üçün də bir hədiyyəmiz var”

Yeni ili Qubada qarşılayın! “Bakutel 2018” sərgisi çərcivəsində “IDEA Consulting & Solutions” şirkətinin elan etdiyi müsabiqə Sizə yadda qalan yeni il hədiyyəsi bəxş edəcək.   “Sizin üçün də bir İDEYAmız var” şüarı ilə hüquqi, maliyyə, mühasibat, biznes və İnformasiya Texnologiyaları sahəsində müxtəlif xidmətlər təqdim edən “IDEA Consulting & Solutions” şirkəti Bakı Ekspo mərkəzdə keçiriləcək “Bakutel 2018” sərgisinin iştirakçılarını öz stendinə dəvət edir. Stend “Baku Ekspo Mərkəzi”nin 2-ci zalında yerləşir. Şirkətin əməkdaşları sərgi çərçivəsində ziyarətcilərə, öz xidmətləri və yenilikləri ilə bağlı ətraflı məlumat verəcəklər. Sərgidən əvvəl şirkətin xidmətləri ilə “IDEA Consulting & Solutions” şirkətinin saytında tanış ola bilərsiniz. Şirkət xidmətlərini sərgi iştirakçılarına təqdim etməklə yanaşı, onlara “IDEA”dan xoş bir xatirə, yeni il hədiyyəsi qazanmaq imkanı yaradır. Müsabiqənin sponsoru “Terra Travel” turizm şirkəti qalibə Quba Şahdağ otelində 2 gecə/3 gün, 2 nəfərlik qonaqlama hədiyyə edəcəkdir.   Müsabiqənin şərtləri: Müsabiqə iştirakçısı “IDEA Consulting & Solutions” şirkətinin stendində təqdim ediləcək müsabiqə səhifəsində öz emailindən istifadə edərək 07.12.2018-ci il saat 12:00-dək qeydiyyatdan keçməli; Müsabiqə iştirakçısı qeydiyyatdan keçdikdən sonra öz emailinə göndərilən təsdiq linki ilə iştirakını təsdiqləməli və nəticədə qeydiyyat nömrəsi əldə etməli; Müsabiqə iştirakçısı qeydiyyatdan keçərkən öz Facebook istifadəçi ünvanını (nümunə: facebook.com/nickname) müvafiq xanada qeyd etməli, “IDEA Consulting & Solutions” və “Terra Travel” şirkətlərinin Facebook səhifələrini bəyənməli; Müsabiqənin şəffaflığını təmin etmək üçün dünyaca məhşur random.org saytından istifadə edilərək iştirakçılara verilən qeydiyyat nömrəsi əsasında təsadüfi seçim ilə qalib müəyyən ediləcək; Təsadüfi seçilən qeydiyyat nömrəsinə uyğun iştirakçı emailini təsdiqləməyən, “IDEA Consulting & Solutions” və “Terra Travel” şirkətlərinin Facebook səhifələrini bəyənməyən iştirakçı olarsa bu zaman qalib növbəti təsadüfi seçiləcək qeydiyyat nömrəsi əsasında müsabiqə şərtlərinə uyğun olaraq müəyyən ediləcək; Müsabiqə qalibinə hədiyyə təqdim edilərkən çəkilən şəkillər “IDEA Consulting & Solutions” və “Terra Travel” şirkətlərinin saytında və sosial media səhifələrində paylaşılacaq.   Müsabiqə qalibinin müəyyən edilməsi “Bakutel 2018” sərgisinin sonuncu günü (07.12.2018) həyata keçiriləcək. Bu barədə “IDEA Consulting & Solutions” və “Terra Travel” şirkətlərinin Facebook səhifələrində öncədən məlumat paylaşılacaq. Müsabiqə qalibinin seçim prosesi “Terra Travel” turizm şirkətinin Facebook səhifəsində (fb.com/terratravelazerbaijan) canlı olaraq yayımlanacaq.