BLOQ

07.04.2023
1689

Əmək müqaviləsi, yoxsa xidmət müqaviləsi?

   Əmək münasibətlərinə girmək, müəyyən fəaliyyətlə məşğul olmaq və gəlir əldə etmək həyatımızın bir parçasına çevrilib. Bəs gəlir əldə edərkən, müəyyən münasibətlərə girərkən ən çox rastlaşdığımız sual nədir?

Hazırda bu mövzuda ən aktual suallardan biri də əmək müqaviləsi, yoxsa xidmət müqaviləsi bağlamağın işçi üçün daha faydalı olmasıdır. Bu səbəbdən də hazırkı məqaləmiz əmək, yoxsa xidmət müqaviləsinin işçi üçün daha əlverişli olmasının müzakirəsinə həsr olunub.

İlkin olaraq qeyd etmək lazımdır ki, əmək müqaviləsi xidmət müqaviləsindən fərqli olaraq Əmək Məcəlləsi ilə tənzimləndiyi üçün işçi əmək qanunvericiliyi ilə ona verilən hüquqlardan asanlıqla faydalana bilir. Lakin xidmət müqavilələri Mülki Məcəllə ilə tənzimlənir. Bu baxımdan, xidmət müqaviləsinin tərəflərinə – icraçı və sifarişçiyə bərabər imkanlar tanınır.

Əmək müqaviləsi imzalanarkən işəgötürən işçidən əmək kitabçasını, şəxsiyyəti təsdiq edən sənədi, bəzi hallarda müvafiq ixtisasa sahib olması barədə diplomu, sağlamlıq haqqında arayış, qeyri-leqal olsa da, hərbi bilet, evlilik haqqında şəhadətnamə, faktiki yaşayış yeri üzrə arayış və sair kimi sənədləri tələb edir, hansı ki işçinin zamanın böyük hissəsi həmin sənədləri toplamağa sərf olunur. Lakin xidmət müqaviləsi üzrə icraçı sadəcə VÖEN, şəxsiyyəti təsdiq edən sənəd və bank rekvizitlərini təqdim edir, hansı ki bu sənədlərin də təqdimi məcburi deyil. Bu səbəbdən də işçi üçün xidmət müqaviləsinin bağlanması prosesi daha rahatdır.

   Əmək müqaviləsi bağlayarkən işçi işi işəgötürənin müəyyən etdiyi yerdə - iş yerində və ya ərazisində həyata keçirdiyi halda, mülki-hüquqi müqavilələrdə, yəni xidmət müqavilələrində işlərin həyata keçiriləcəyi yer barədə vacib tələb olmadığı üçün işçi istədiyi yerdən öz işini yerinə yetirə və ya xidmətini göstərə bilər.

      Həmçinin, əmək müqaviləsi üzrə işə götürülmüş şəxsin əvəzinə başqa heç kim onun işlərini yerinə yetirə bilməz. Lakin xidmət müqaviləsi üzrə fəaliyyət göstərən şəxs işlərin görülməsi və ya xidmətlərin göstərilməsini üçüncü şəxslərə tapşıra bilər. Bu aspektdən xidmət müqavilələri işçiyə daha rahat şərait yaradır.

       Əmək müqaviləsi üzrə işləyən işçi müəssisədaxili intizam qaydalarına, əmək qanunvericiliyi ilə üzərinə qoyulan vəzifələrə əməl etməlidir, əks təqdirdə ona xəbərdarlıq edilir, intizam məsuliyyətinə cəlb olunur və ya işdən çıxarılır. Əmək müqaviləsindən fərqli olaraq, xidmət müqavilələrində müəssisədaxili intizam qaydaları yox, müqavilə üzrə tələblər var və bu tələblər pozulduğu halda icraçı hər hansısa intizam tədbirinə məruz qalmır, sadəcə olaraq müqavilənin digər tərəfi olan sifarişçi tərəfindən müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirə bilmədiyi üçün müqaviləyə vaxtından öncə xitam verilə bilər.

      Lakin vurğulamaq lazımdır ki, əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçi işəgötürənin xammalından, istehsal vasitələrindən, alətlərindən istifadə edərək işləri yerinə yetirdiyi halda, xidmət müqaviləsi üzrə fəaliyyət göstərən şəxslər, müqavilədə ayrı qayda nəzərdə tutulmadığı halda, icraçının hesabına malları, istehsal vasitələrini, alətləri əldə edir və işləyir. Bu baxımdan əmək müqaviləsi üzrə işləmək işçiyə daha çox sərf edir.

       Əmək müqaviləsi üzrə işçi iş yerində əməyin mühafizəsi qaydalarının yerinə yetirilməsinə cavabdeh olur, işçini uniforma, fərdi mühafizə vasitələri ilə təmin edir. Xidmət müqavilələrində isə sifarişçinin sadalanan öhdəlikləri olmur.

     Bunlardan əlavə, əmək müqaviləsi üzrə fəaliyyət göstərən işçi konkret bir vəzifəyə işə götürülür, dəqiq müəyyən edilmiş iş saatları, iş rejimi üzrə fəaliyyət göstərir və həmin iş saatlarına müvafiq olaraq da ona əmək haqqı hesablanır. Xidmət müqavilələrində isə belə deyil. Belə ki, icraçı hər hansısa işi yerinə yetirməyi və ya xidməti göstərməyi öhdəsinə götürür və bu xidməti konkret iş saatları ərzində yox, ümumi şəkildə razılaşdırılmış müddət ərzində yerinə yetirir, çünki xidmət müqavilələrində əmək müqavilələrindən fərqli olaraq iş saatlarına görə yox, yerinə yetirilmiş işin, xidmətin nəticəsinə, keyfiyyətinə mütənasib xidmət haqqı verilir.

     Əmək müqaviləsi üzrə işçi müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır. Müddətli əmək müqaviləsinə yalnız müqavilənin qüvvədə olma müddəti bitdikdə və ya Əmək Məcəlləsinin müvafiq normalarına əsasən xitam vermək mümkündür. Müddətsiz əmək müqavilələrinə isə yalnız Əmək Məcəlləsində nəzərdə tutulmuş müvafiq hallarda xitam verilə bilər. Yəni işəgötürən qanunvericilikdəki müvafiq əsaslar olmadan, istədiyi vaxt işçini işdən çıxara bilməz. Xidmət müqavilələrində isə sifarişçi istədiyi vaxt icraçı ilə bağladığı müqaviləyə xitam verə bilər. Qeyd edilənlərə əsasən, belə nəticəyə gəlmək olar ki, əmək müqaviləsi üzrə işləyən işçi daha uzun müddət işlə təmin olunma ehtimalına malikdir.

     Məqaləmizin əvvəlində də qeyd etdiyimiz kimi əmək müqaviləsi üzrə işçi Əmək Məcəlləsi ilə ona tanınmış bütün hüquqlardan istifadə edir. Bəs bu hüquqlar hansılardır?

     Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin qanunvericiliklə müəyyən olunmuş həftələr arası istirahət günlərindən istifadə etmək, o cümlədən hər il minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək hüquqları var. Lakin xidmət müqavilələri icraçını həftələrarası istirahət günləri, məzuniyyət hüququ ilə təmin etmir.

Əmək müqaviləsi üzrə işləyən şəxs minimum əmək haqqından az olmayaraq, yəni azı 345 manat olmaqla maaş almasına baxmayaraq, xidmət müqaviləsi üzrə işləyən şəxslər icra etdikləri işin nəticəsinə uyğun və ya müqavilədə razılaşdırdıqları həcmdə xidmət haqqı alırlar. Yəni xidmət müqavilələrində əmək müqavilələrindən fərqli olaraq minimal məbləğ tələbi yoxdur, sifarişçi icraçıya 345 manatdan da az ödəniş edə bilər, hansı ki qətiyyən icraçının marağına uyğun deyil.

Əmək müqaviləsi üzrə işləyən işçi tam maddi məsuliyyət müqaviləsi bağlamadığı hallarda işəgötürənə dəymiş ziyana görə orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Xidmət müqaviləsi üzrə işləyən icraçı isə tərəflərin razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, sifarişçiyə vurduğu ziyan həcmində maddi məsuliyyət daşıyır.

Üstəlik, əmək müqaviləsi üzrə işçi işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq hüququna malikdir. Lakin xidmət müqaviləsi üzrə çalışan şəxsləri sığortalayıb-sığortalamamaq sifarişçinin öz seçimidir. Yəni xidmət müqaviləsi üzrə sığorta ilə bağlı məcburi tələblər yoxdur, bu da əmək müqaviləsini xidmət müqaviləsindən üstün edən daha bir haldır.

    Əmək müqaviləsi üzrə işçi mənzil şəraitinin, ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün işəgötürəndən müvafiq sosial yardımlar almaq hüququna malikdir, lakin qanunvericilik xidmət müqaviləsi üzrə işləyən şəxslərə sifarişçidən sosial yardım almaq hüququ vermir.

Sadalanan hallardan əlavə qeyd etmək lazımdır ki, əmək müqaviləsi üzrə vergilər işçinin əmək haqqından tutulmaqla işəgötürən tərəfindən ödənilir. VÖEN-li icraçılar isə özləri şəxsən müvafiq vergiləri ödəyir.

Məqaləmizdə əksini tapan hallara istinadən belə bir nəticəyə gəlmək olar ki, xidmət müqaviləsinin də üstün cəhətləri olmasına baxmayaraq, əmək müqaviləsi işçiyə daha çox hüquqlar, təminatlar verir və məhz bu səbəblərdən də bir çox hallarda işçinin işəgötürən ilə əmək müqaviləsi bağlaması daha məqsədəuyğundur.