BLOQ

27.10.2024
285

Brendinqin Gücü: “Mezuro” Adının Uğur Hekayəsi

Brendin Gücü: “Mezuro” Adının Uğur Hekayəsi Hər uğurlu brendin arxasında onun adı və loqosu ilə bağlı unikal bir hekayə dayanır. Ad seçimi sadəcə bir sözdən ibarət deyil; o, brendin ruhunu, müştəri ilə olan əlaqəsini və bazarda fərqliliyini müəyyən edən əsas elementlərdən biridir. “IDEA Consulting and Solutions” olaraq, geyim sektorunda fəaliyyət göstərən bir müştərimiz üçün brend ad seçimi prosesini həyata keçirdik və nəticədə “Mezuro” adı seçildi. Bu ad müştəri tərəfindən bəyənildi və hüquqi proseslərə start verildi. Brendin adı seçimində nəzərə alınmalı əsas prinsiplər: Mənşə və məna  Brendin adı onun təmsil etdiyi dəyərləri aydın şəkildə əks etdirməlidir. “Mezuro” latın dilində “ölçü” mənasını verir və bu ad peşəkarlıq, dəqiqlik və uyğunluq kimi xüsusiyyətləri təmsil edir. Adın sektora uyğun seçilməsi müştərilərin brendə olan inamını artırır. Unikallıq və yadda qalanlıq  Seçilən ad sadə və yadda qalan olmalıdır. "Mezuro" adı bu xüsusiyyətləri özündə cəmləşdirir, həm yerli, həm də beynəlxalq bazarda asanlıqla tələffüz olunur və yadda qalır. Bu, brendin müştəri yaddaşında xüsusi yer tutmasına şərait yaradır.       3. Brend dəyəri və strateji idarəetmə  Brendin dəyəri onun müştəri ilə qurduğu əlaqə ilə ölçülür. Kellerin Brend Dəyəri Piramidasına əsaslanan yanaşmamızla “Mezuro” müştərilər tərəfindən dəqiqlik və uyğunluq ilə assosiasiya edilir, bu da brendin bazardakı mövqeyini gücləndirir. Rəqabət təhlili  Müasir bazarda fərqlənmək vacibdir. “Mezuro” adı rəqiblərdən fərqlənməyi bacarır, çünki o, sadəcə bir ad deyil, eyni zamanda peşəkarlıq və müasirlik mesajını daşıyan güclü bir simvoldur. Bu ad müştərilərə brendin keyfiyyətinə dair güvən yaradır. Dizayn və rəng psixologiyası  Loqo və rənglərin seçimində minimalizm və funksionallıq əsas meyarlardır. “Mezuro”nun loqosu sadə, lakin təsirli bir dizayna malikdir. Rəng psixologiyası isə brendin mesajını dəstəkləyir və müştərilər üçün emosional bir bağ yaradır. Beynəlxalq uyğunluq və qlobal bazara açılım  Beynəlxalq arenada brendin uğurlu olması üçün adın tələffüzü və qavranışı asan olmalıdır. “Mezuro” adı bu meyarlara tam cavab verir və qlobal miqyasda geniş tanınma potensialına malikdir.  Marketinq və hüquqi uyğunluq  Brend adı həm hüquqi, həm də rəqəmsal platformalarda qorunmalı və istifadəyə uyğun olmalıdır. “Mezuro.az” domeni artıq mövcuddur və hüquqi proseslər başa çatdıqda, bu adın hər bir hüquqi və marketinq aspekti qorunacaq. Brend şəxsiyyəti və arxetipi  Hər bir brendin arxasında onu təmsil edən bir arxetip dayanır. “Mezuro” brendi Dahi (Sage) arxetipi ilə əlaqələndirilir, çünki o, müdriklik, peşəkarlıq və təcrübə ilə bağlı olan dəyərləri vurğulayır. Bu, brendin məqsəd və missiyasını daha güclü bir şəkildə əks etdirir. Dərin metafor analizi  Zaltmanın dərin metafor analizinə əsaslanaraq, “Mezuro” adının altında yatan mənalar və assosiasiyalar müştərilərin şüuraltına təsir edir. Bu ad dəqiqlik, peşəkarlıq və qlobal bazarda rəqabət qabiliyyəti kimi əsas duyğuları oyadır.   Bazar üçün uyğunlaşma və fərqlilik  Meyerson matrisinə əsasən, “Mezuro” adının hədəf kütləyə uyğunluğu, fərqliliyi, yadda qalması və asan tələffüz edilməsi onu bazarda uğurlu edir. Bu ad beynəlxalq miqyasda da istifadəyə uyğun və qlobal tanınma potensialına malikdir.   “Mezuro” ilə Gələcəyə Addım  Müxtəlif yanaşmalar və təhlillər əsasında seçilən "Mezuro" adı yalnız estetik cəhətdən uğurlu deyil, eyni zamanda beynəlxalq və milli bazarlarda möhkəm yer tutacaq bir brenddir. Bu yanaşma ilə müştərilərimizə təqdim etdiyimiz brendinq xidməti onların bazarda güclü mövqe tutmasına kömək edəcək. Əgər sizin də biznesiniz üçün belə fərqli və güclü brend yaratmaq istəyiniz varsa, bizimlə əlaqə saxlayın və uğura doğru birgə addımlayaq. Bizimlə əməkdaşlıq edən və ad seçimi, loqo dizaynı üzrə xidmətlərimizdən faydalanan digər müştərilərimizdən bəziləri: 
20.10.2023
1557

“IDEA Consulting and Solutions” şirkətinin Azərbaycanın aparıcı şirkətlərilə görüşü

Bu gün “IDEA Consulting and Solutions” şirkəti olaraq “Marsol Group”un təşkilatçılığı ilə keçirilən ofis ziyarətindən əvvəl ölkənin aparıcı şirkətlərinin rəhbərləri üçün işgüzar səhər yeməyi təşkil etdik. “Marsol Group”un təşkilatçılığı ilə keçirilən ofis ziyarətləri, biznes sahəsindəki yenilikləri və təcrübələri birləşdirən unikal bir platformadır. Sözügedən tədbir şirkətləri bir-biriləri ilə əlaqə qurmağa, təcrübələrini paylaşmağa və birgə inkişaf etməyə imkan yaradır. Tədbirdə bəhs edilən mövzular Şirkətimizin rəhbəri Ceyhun Məmmədov işgüzar səhər yeməyində şirkətin hüquq, maliyyə, biznes, brendinq və İT sahəsindəki xidmətlərini, yeni proqram təminatlarını və öz müəllif hüquqları ilə qorunan “Lorex LMS”  sistemini təqdim edib. O, tədbir iştirakçıları üçün şirkətin əsas üstünlüklərini də vurğulayıb: “İnnovativ və peşəkar yanaşma ilə son texnoloji trendləri və müasir məsləhətlərlə müştərilərimizə rəqabətdə üstünlük yaradan həllər təklif edirik. Fərdi və yüksək səviyyədə xidmət göstərərək hər bir müştəri ilə fərdi şəkildə işləyirik. Müştərilərimizin gözləntilərini özümüzə standart kimi qəbul edirik. Dayanıqlı iş əlaqələrinə gəlincə, qarşılıqlı etimad və uzunmüddətli iş əlaqələri qurmağa böyük önəm veririk. Texnoloji üstünlüklərimiz isə biznesinizin rəqəmsal transformasiyasını həyata keçirmək üçün müasir texnoloji imkanlardan yararlanmaqdır. Bu gün burada olan hər birinizin iştirakı bizim üçün çox qiymətlidir. “IDEA Consulting and Solutions” olaraq tərəfdaşlarımızla əlaqələrimizi möhkəmləndirmək, birgə böyümək və uğurlu olmağa ümid edirik”. Ofis ziyarəti Tədbirin sonunda iştirakçılar “IDEA Consulting and Solutions" şirkətinin ofisinə dəvət olundular. Qonaqlar ofisin bölmələri ilə tanış edilib, innovativ texnologiyaların tətbiqi, komandanın iş prinsipləri və şirkətin müxtəlif layihələri haqqında maraqlı məlumatlar əldə etdilər. İştirakçılar bu təcrübə ilə şirkətin iş mühitinin incəlikləri ilə yaxından tanış oldular. Tədbir qonaqların şirkətin təklif etdiyi həllərə və xidmətlərə marağını artırıb, bir neçə şirkət rəhbəri ilə potensial əməkdaşlıq üçün müzakirələr planlaşdırılıb. Tədbirdə iştirak edən şirkətlər Qeyd edək ki, tədbirdə Babək "Sirab" ASC, “Prive Steak Gallery”, “BMZ Collages”, “Tuna” QSC, “Azestetik Group”, “RiF Ofis Mebeli”, “Mega” Həyat Sığorta, “Bakcell”,  Zəhra Klinikası, “XXI Əsr Məktəbi”, “Hellmann Worldwide Logistics” kimi məşhur şirkətlər iştirak edib.
07.04.2023
1851

Əmək müqaviləsi, yoxsa xidmət müqaviləsi?

   Əmək münasibətlərinə girmək, müəyyən fəaliyyətlə məşğul olmaq və gəlir əldə etmək həyatımızın bir parçasına çevrilib. Bəs gəlir əldə edərkən, müəyyən münasibətlərə girərkən ən çox rastlaşdığımız sual nədir? Hazırda bu mövzuda ən aktual suallardan biri də əmək müqaviləsi, yoxsa xidmət müqaviləsi bağlamağın işçi üçün daha faydalı olmasıdır. Bu səbəbdən də hazırkı məqaləmiz əmək, yoxsa xidmət müqaviləsinin işçi üçün daha əlverişli olmasının müzakirəsinə həsr olunub. İlkin olaraq qeyd etmək lazımdır ki, əmək müqaviləsi xidmət müqaviləsindən fərqli olaraq Əmək Məcəlləsi ilə tənzimləndiyi üçün işçi əmək qanunvericiliyi ilə ona verilən hüquqlardan asanlıqla faydalana bilir. Lakin xidmət müqavilələri Mülki Məcəllə ilə tənzimlənir. Bu baxımdan, xidmət müqaviləsinin tərəflərinə – icraçı və sifarişçiyə bərabər imkanlar tanınır. Əmək müqaviləsi imzalanarkən işəgötürən işçidən əmək kitabçasını, şəxsiyyəti təsdiq edən sənədi, bəzi hallarda müvafiq ixtisasa sahib olması barədə diplomu, sağlamlıq haqqında arayış, qeyri-leqal olsa da, hərbi bilet, evlilik haqqında şəhadətnamə, faktiki yaşayış yeri üzrə arayış və sair kimi sənədləri tələb edir, hansı ki işçinin zamanın böyük hissəsi həmin sənədləri toplamağa sərf olunur. Lakin xidmət müqaviləsi üzrə icraçı sadəcə VÖEN, şəxsiyyəti təsdiq edən sənəd və bank rekvizitlərini təqdim edir, hansı ki bu sənədlərin də təqdimi məcburi deyil. Bu səbəbdən də işçi üçün xidmət müqaviləsinin bağlanması prosesi daha rahatdır.    Əmək müqaviləsi bağlayarkən işçi işi işəgötürənin müəyyən etdiyi yerdə - iş yerində və ya ərazisində həyata keçirdiyi halda, mülki-hüquqi müqavilələrdə, yəni xidmət müqavilələrində işlərin həyata keçiriləcəyi yer barədə vacib tələb olmadığı üçün işçi istədiyi yerdən öz işini yerinə yetirə və ya xidmətini göstərə bilər.       Həmçinin, əmək müqaviləsi üzrə işə götürülmüş şəxsin əvəzinə başqa heç kim onun işlərini yerinə yetirə bilməz. Lakin xidmət müqaviləsi üzrə fəaliyyət göstərən şəxs işlərin görülməsi və ya xidmətlərin göstərilməsini üçüncü şəxslərə tapşıra bilər. Bu aspektdən xidmət müqavilələri işçiyə daha rahat şərait yaradır.        Əmək müqaviləsi üzrə işləyən işçi müəssisədaxili intizam qaydalarına, əmək qanunvericiliyi ilə üzərinə qoyulan vəzifələrə əməl etməlidir, əks təqdirdə ona xəbərdarlıq edilir, intizam məsuliyyətinə cəlb olunur və ya işdən çıxarılır. Əmək müqaviləsindən fərqli olaraq, xidmət müqavilələrində müəssisədaxili intizam qaydaları yox, müqavilə üzrə tələblər var və bu tələblər pozulduğu halda icraçı hər hansısa intizam tədbirinə məruz qalmır, sadəcə olaraq müqavilənin digər tərəfi olan sifarişçi tərəfindən müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirə bilmədiyi üçün müqaviləyə vaxtından öncə xitam verilə bilər.       Lakin vurğulamaq lazımdır ki, əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçi işəgötürənin xammalından, istehsal vasitələrindən, alətlərindən istifadə edərək işləri yerinə yetirdiyi halda, xidmət müqaviləsi üzrə fəaliyyət göstərən şəxslər, müqavilədə ayrı qayda nəzərdə tutulmadığı halda, icraçının hesabına malları, istehsal vasitələrini, alətləri əldə edir və işləyir. Bu baxımdan əmək müqaviləsi üzrə işləmək işçiyə daha çox sərf edir.        Əmək müqaviləsi üzrə işçi iş yerində əməyin mühafizəsi qaydalarının yerinə yetirilməsinə cavabdeh olur, işçini uniforma, fərdi mühafizə vasitələri ilə təmin edir. Xidmət müqavilələrində isə sifarişçinin sadalanan öhdəlikləri olmur.      Bunlardan əlavə, əmək müqaviləsi üzrə fəaliyyət göstərən işçi konkret bir vəzifəyə işə götürülür, dəqiq müəyyən edilmiş iş saatları, iş rejimi üzrə fəaliyyət göstərir və həmin iş saatlarına müvafiq olaraq da ona əmək haqqı hesablanır. Xidmət müqavilələrində isə belə deyil. Belə ki, icraçı hər hansısa işi yerinə yetirməyi və ya xidməti göstərməyi öhdəsinə götürür və bu xidməti konkret iş saatları ərzində yox, ümumi şəkildə razılaşdırılmış müddət ərzində yerinə yetirir, çünki xidmət müqavilələrində əmək müqavilələrindən fərqli olaraq iş saatlarına görə yox, yerinə yetirilmiş işin, xidmətin nəticəsinə, keyfiyyətinə mütənasib xidmət haqqı verilir.      Əmək müqaviləsi üzrə işçi müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır. Müddətli əmək müqaviləsinə yalnız müqavilənin qüvvədə olma müddəti bitdikdə və ya Əmək Məcəlləsinin müvafiq normalarına əsasən xitam vermək mümkündür. Müddətsiz əmək müqavilələrinə isə yalnız Əmək Məcəlləsində nəzərdə tutulmuş müvafiq hallarda xitam verilə bilər. Yəni işəgötürən qanunvericilikdəki müvafiq əsaslar olmadan, istədiyi vaxt işçini işdən çıxara bilməz. Xidmət müqavilələrində isə sifarişçi istədiyi vaxt icraçı ilə bağladığı müqaviləyə xitam verə bilər. Qeyd edilənlərə əsasən, belə nəticəyə gəlmək olar ki, əmək müqaviləsi üzrə işləyən işçi daha uzun müddət işlə təmin olunma ehtimalına malikdir.      Məqaləmizin əvvəlində də qeyd etdiyimiz kimi əmək müqaviləsi üzrə işçi Əmək Məcəlləsi ilə ona tanınmış bütün hüquqlardan istifadə edir. Bəs bu hüquqlar hansılardır?      Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin qanunvericiliklə müəyyən olunmuş həftələr arası istirahət günlərindən istifadə etmək, o cümlədən hər il minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək hüquqları var. Lakin xidmət müqavilələri icraçını həftələrarası istirahət günləri, məzuniyyət hüququ ilə təmin etmir. Əmək müqaviləsi üzrə işləyən şəxs minimum əmək haqqından az olmayaraq, yəni azı 345 manat olmaqla maaş almasına baxmayaraq, xidmət müqaviləsi üzrə işləyən şəxslər icra etdikləri işin nəticəsinə uyğun və ya müqavilədə razılaşdırdıqları həcmdə xidmət haqqı alırlar. Yəni xidmət müqavilələrində əmək müqavilələrindən fərqli olaraq minimal məbləğ tələbi yoxdur, sifarişçi icraçıya 345 manatdan da az ödəniş edə bilər, hansı ki qətiyyən icraçının marağına uyğun deyil. Əmək müqaviləsi üzrə işləyən işçi tam maddi məsuliyyət müqaviləsi bağlamadığı hallarda işəgötürənə dəymiş ziyana görə orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Xidmət müqaviləsi üzrə işləyən icraçı isə tərəflərin razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, sifarişçiyə vurduğu ziyan həcmində maddi məsuliyyət daşıyır. Üstəlik, əmək müqaviləsi üzrə işçi işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq hüququna malikdir. Lakin xidmət müqaviləsi üzrə çalışan şəxsləri sığortalayıb-sığortalamamaq sifarişçinin öz seçimidir. Yəni xidmət müqaviləsi üzrə sığorta ilə bağlı məcburi tələblər yoxdur, bu da əmək müqaviləsini xidmət müqaviləsindən üstün edən daha bir haldır.     Əmək müqaviləsi üzrə işçi mənzil şəraitinin, ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün işəgötürəndən müvafiq sosial yardımlar almaq hüququna malikdir, lakin qanunvericilik xidmət müqaviləsi üzrə işləyən şəxslərə sifarişçidən sosial yardım almaq hüququ vermir. Sadalanan hallardan əlavə qeyd etmək lazımdır ki, əmək müqaviləsi üzrə vergilər işçinin əmək haqqından tutulmaqla işəgötürən tərəfindən ödənilir. VÖEN-li icraçılar isə özləri şəxsən müvafiq vergiləri ödəyir. Məqaləmizdə əksini tapan hallara istinadən belə bir nəticəyə gəlmək olar ki, xidmət müqaviləsinin də üstün cəhətləri olmasına baxmayaraq, əmək müqaviləsi işçiyə daha çox hüquqlar, təminatlar verir və məhz bu səbəblərdən də bir çox hallarda işçinin işəgötürən ilə əmək müqaviləsi bağlaması daha məqsədəuyğundur.
13.03.2023
970

“İDEA Consulting and Solutions” MMC tərəfindən “Xəzər” uşaq bağçasına oyun meydançası hədiyyə edildi.

“İDEA Consulting and Solutions” MMC tərəfindən korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq “Xəzər” uşaq bağçasına dörd ədəd oyun kompleksindən ibarət yeni oyun meydançası hədiyyə edildi. Qürur mənbəyimiz olan bu layihə uşaqlar üçün təhlükəsiz və əyləncəli mühit yaratmaq məqsədi daşıyır. Müxtəlifyaş qrupları üçün nəzərdə tutulan meydança uşaqların əyləncəli zaman keçirməsi ilə yanaşı zehni və fiziki inkişafında həmçinin, sosial bacarıqlarının artmasında faydalı olacaq. Sözügedən meydança tam təhlükəsiz və güvənli şəkildə övladlarımızın inkişafına və keyfiyyətli zaman keçirməsinə imkan verir. Şirkətimiz işgüzar mühitdə uğur qazanmaqla yanaşı, həm də cəmiyyətin rifahı və ətraf mühitin qorunması üçün çalışır. Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq gələcəkdə də oxşar sosial məsuliyyət layihələri ilə cəmiyyətin inkişafına töhfə verməyə davam edəcəyik.