BLOQ

27.04.2023
998

Mirasın tərkibinə nələr daxildir və əmlak hansı anda vərəsəyə keçmiş hesab olunur?

         Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras aktivi şəxsin sahib olduğu hüquqlar, miras passivi isə onun etməli olduğu öhdəliklər hesab olunur. Məcəllənin 1153-cü maddəsinə əsasən, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız şəxsin sağlığında qüvvədə olan və onun ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir.

       Vərəsəlik dedikdə isə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən mirasının digər şəxslərə keçməsi başa düşülür. Mirasın keçməsi vərəsəlik hüquq normalarında göstərilən qaydada həyata keçirilir. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə vərəsəlik olmaqla iki yerə ayrılır. Qanun üzrə vərəsəlik halında şəxs öldüyü və miras açıldığı andan əmlak üzərində mülkiyyət hüququ və sahiblik vərəsəyə birbaşa keçir. Bunun üçün vərəsənin bu barədə məlumatlı olması və mirası qəbul etməsi tələb olunmur. Ölən şəxsin birinci növbədə vərəsələri və ya Mülki Məcəllənin 1159-cu maddəsində göstərilmiş ardıcıl olaraq digər növbədə vərəsələri Daşınmaz əmlakın dövlət reyestri xidmətinə (notarius) yaxınlaşaraq özünün vərəsə olmasını bildirərək vərəsəlik şəhadətnaməsi ala bilər. Bu şəhadətnamə əsasında şəxs ölən şəxsin adına qeydiyyatda olan əmlakı öz adına rəsmiləşdirə bilər.