Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinə əsasən, xuliqanlıq deyərkən ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə və ya özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür.
İctimai yerlərdə - məktəblərdə, küçələrdə, parklarda, ictimai nəqliyyatda və sair yerlərdə biz demək olar ki hər gün bizə və yaxud da ətrafımızdakı insanlara qarşı edilmiş xuliqanlıq əməllərinin şahidi oluruq. Cəmiyyətimizdə daha çox rastlaşdığımız xuliqanlıq əməlləri sürücülərin bir-birini təhqir etməsi və ya digər sürücülərin avtomobillərinə vuraraq ‘‘yol hərəkəti qaydalarını onlara öyrətməyə çalışması’’, qadınlara söz atılması və onların narahat edilməsi, etiraz əlaməti olaraq insanların bir-birini təhqir etməsi və bunu digər insanları narahat edəcək şəkildə həyata keçirmələri, axşam saatlarında yaşayış yerlərində səs-küyün salınması və sair kimi hallardır. Lakin insanlar mütəmadi olaraq bu əməllərin şahidi olduqları üçün bu hallar onlara çox adi gəlir. Bu səbəbdən də gün keçdikcə cəmiyyətdə özbaşınalıq hallarının artdığının şahidi oluruq.
Qanunvericilik xuliqanlıq əməllərinin qarşısını almaq üçün Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə bu əməlləri qadağan edib, həmin əməlləri törədənlərə qarşı sanksiyalar müəyyən edir. Belə ki, sözügedən əməlləri törədən şəxslər 1000 manatdan 3000 manatadək miqdarda cərimə, bir ilədək müddətə islah işləri, bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin əgər xuliqanlıq əməlləri bir qrup şəxs tərəfindən törədilərsə və ya eyni şəxs və ya şəxslər tərəfindən təkrar törədilərsə, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədilərsə, bu hallarda qanunvericilik iki ilədək müddətə islah işləri, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutur. Xuliqanlığın daha ağır şəkildə həyata keçirilməsi hallarında, yəni silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda şəxsə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza verilir. Həmçinin, qeyd etmək lazımdır ki, 14 yaşından etibarən hər kəs xuliqanlıq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunur.
Göründüyü kimi qanunvericilik bizə qarşı xuliqanlıq formasında edilmiş hüquqpozmalara görə müxtəlif sanksiyalar nəzərdə tutur. Bizim öhdəmizə düşən isə bu kimi hallarla rastlaşdığımız zaman bunu adi qarşılamamaq, əksinə onların qarşısını almaq və ya bu kimi halların qarşısını alması üçün müxtəlif dövlət orqanlarına müraciət etməkdir.
Unutmayın, cəmiyyəti qurtarmaq sizin əlinizdədir!
Beh öhdəliklərin icrasının təmini üsullarından, həmçinin müqavilənin bağlanmasını təsdiq edən vasitələrdən biridir.
Beh müqavilə tərəflərindən birinin digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Təcrübədə tez-tez müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhələr yaranır və ya ödənilmiş məbləğin beh olub-olmamasını müəyyən etmək mümkün olmur. Bu hallarda beh kimi ödənilmiş pul məbləği avans ödənişi kimi hesab edilir. Bu kimi problemlərin qarşısını almaq üçün qanunvericilik behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşmaların yazılı formada bağlanmasını tələb edir. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə olduqda isə, qanunvericilik beh barədə raılaşmanın notariat qaydasında təsdiq edilməli olduğunu vurğulayır.
Behin məqsədi ondan ibarətdir ki, əgər beh vermiş tərəf müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyırsa, bu halda beh müqavilənin digər tərəfində qalır. Lakin müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf behdən əlavə, müqavilənin icra edilməməsi nəticəsində dəymiş zərərin də əvəzini ödəməyə borcludur.
Lakin bəzi hallarda olur ki, beh almış tərəfin məsuliyyətsizliyi üzündən müqavilə icra edilmir. Bəs bu halda nə olur?
Əgər müqavilənin icra edilməməsinin səbəbi beh almış tərəfin məsuliyyətsizliyidirsə, bu halda behi almış tərəf digər tərəfə behin iki qatı məbləğində ödəniş etməlidir, hansı ki bir növ kompensasiya məqsədi daşıyır.
Lakin müqavilə tərəfləri öhdəliyin icrasına başlanana qədər öz aralarında müqaviləyə xitam vermək üçün razılaşarlarsa və ya müqavilənin icranın mümkün olmaması səbəbindən müqaviləyə xitam verərlərsə, beh onu vermiş şəxsə qaytarılmalıdır.
Gördüyünüz kimi beh bir növ tərəfləri müqavilədən irəli gələn öhdəliklərini icra etməyə sövq edir. Məhz bu səbəbdən də behi öhdəliyin təmini üsulu kimi fərqləndirir və gündəlik həyatımızda çox tətbiq edirik.
Azərbaycan respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsinə əsasən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə qanunla qadağan olunur. Bu əməllərin törədilməsi cinayət hesab olunur. Bu növ cinayətlər üçün iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Bu cür əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qabaqcadan bir və ya bir neçə cinayətin törədilməsi üçün birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən bu əməllər törədildikdə isə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə qanunla qadağan olunur. Bu əməllər törədildikdə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Qanuna əsasən sadlanan əşyalara sahib olan və onları könüllü sürətdə təhvil verən şəxslər əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.
Xidməti və mülki silah haqqında qanunda verilən anlayışa əsasən silah dedikdə canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitələr nəzərdə tutulur. Soyuq silah dedikdə isə konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silah nəzərdə tutulur.
Mirasın tərkibinə nələr daxildir və əmlak hansı anda vərəsəyə keçmiş hesab olunur?
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras aktivi şəxsin sahib olduğu hüquqlar, miras passivi isə onun etməli olduğu öhdəliklər hesab olunur. Məcəllənin 1153-cü maddəsinə əsasən, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız şəxsin sağlığında qüvvədə olan və onun ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir.
Vərəsəlik dedikdə isə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən mirasının digər şəxslərə keçməsi başa düşülür. Mirasın keçməsi vərəsəlik hüquq normalarında göstərilən qaydada həyata keçirilir. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə vərəsəlik olmaqla iki yerə ayrılır. Qanun üzrə vərəsəlik halında şəxs öldüyü və miras açıldığı andan əmlak üzərində mülkiyyət hüququ və sahiblik vərəsəyə birbaşa keçir. Bunun üçün vərəsənin bu barədə məlumatlı olması və mirası qəbul etməsi tələb olunmur. Ölən şəxsin birinci növbədə vərəsələri və ya Mülki Məcəllənin 1159-cu maddəsində göstərilmiş ardıcıl olaraq digər növbədə vərəsələri Daşınmaz əmlakın dövlət reyestri xidmətinə (notarius) yaxınlaşaraq özünün vərəsə olmasını bildirərək vərəsəlik şəhadətnaməsi ala bilər. Bu şəhadətnamə əsasında şəxs ölən şəxsin adına qeydiyyatda olan əmlakı öz adına rəsmiləşdirə bilər.
Avropa İnsan Hüquqları Konvensiyası 1-ci maddəsi ilə insan hüquqlarına hörmət olunmasının, hüquq və azadlıqların təmin edilməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsi də insan və vətəndaş hüquq və azadlıqlarının önəminə vurğu edib, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz, ayrılmaz hüquqlarının olduğunu qeyd edir.
Avropa İnsan Hüquqları Konvensiyanın 6-cı maddəsi isə ədalətli məhkəmə hüququnun tərkib hissəsi kimi müdafiəçidən istifadə etmək hüququnu qeyd edib. Bu bir hüquq kimi qeyd edilsə də, əslində hər zaman hüquqşünas köməyindən istifadə önəmlidir. Çünki gündəlik həyatımızda baş verən hər bir hadisənin qanunda hüquqi tənzimi nəzərdə tutulub və əgər bu hüquqi tənzimləmələri tətbiq etsək, həm qarşılaşa biləcəyimiz hüquqi problemləri önləmiş olarıq, həm də qanunla bizə verilmiş hüquqlardan daha effektiv şəkildə istifadə edə və həyatımıza daha doğru yön verə bilərik. Belə ki, siz nikah, boşanma, əmlak bölgüsü və sair kimi ailə münasibətlərində ailə hüququ üzrə ixtisaslaşmış hüquqşünasların köməyindən istifadə edərək Ailə Məcəlləsi ilə sizlərə tanınmış hüquqlardan faydalana bilirsiniz, cinayət hüququ sahəsində fəaliyyət göstərən müdafiəçilərdən istifadə edərək ittihamçı pozulmuş hüquqlarını bərpa edir, təqsirləndirilən və ya şübhəli şəxs isə qanunla nəzərdə tutulmuş cəzanın minimal həddində cəza almaq imkanına sahib olur. Həmçinin, hüquqi məsləhət alaraq qanunla hansı hərəkətlərin qadağan edildiyini və hansı hərəkətlərdən çəkinməli olduğunuzu da öyrənmiş olacaqsınız. Əmək qanunvericiliyi üzrə ixtisaslaşmış vəkillər isə əmək münasibətləri zamanı qarşılaşdığınız problemləri həll edir və yaranmış suallarınızı cavablandırır: sizin qanunsuz olaraq işdən çıxmanıza, intizam tənbehinə məruz qalmanıza, işəgötürən tərəfindən sizə yönələn hüquqpozmalarının qarşısını almanıza kömək edir, il ərzində neçə gün məzuniyyətə çıxa bilməniz, hansı iş şəraitinin təmin olunması və digər hüquqlarınız barədə sizi maarifləndirir.
Günümüzdə belə bir yanlış fikir də formalaşıb ki, hüquqi yardım yalnız məhkəmə prosesləri zamanı ehtiyac duyulan bir xidmətdir. Lakin hüquqi yardım deyərkən müdafiəçinin sizi təkcə məhkəmə proseslərində, arbitrajlarda müdafiə etməsi yox, yaranmış suallarınıza cavab vermək, sizi müxtəlif hüquq sahələrində bilgiləndirmək, işlərinizi qanunvericiliyə uyğun formalaşdırmaq, müəyyən hüquqi problemlərlə üzləşməkdən qorumaq və öz hüquq və azadlıqlarınızdan xəbərdar olmanız üçün hüquqi konsultasiyanı da nəzərdə tutur.
Günlük işlərinizi görərkən belə sizin hüquqi yardıma ehtiyacınız ola bilər. Necə? Siz hər gün marketdən çörək alırsınız. Bəs bilirsizniz mi hər gün çörək alarkən əslində siz əqd bağlayır və mülki-hüquqi münasibətə girirsiniz? Həmin çörəyi alarkən siz sadə bir prosesi yerinə yetirdiyinizi düşünürsünüz, lakin bu proses başlayarkən siz fərqinə varmadan oferta və ya aksept edir, müqavilə şərtlərini razılaşdırır, öhdəlik götürür və müqavilə bağlayırsınız, prosesin sonunda isə siz yararlılıq müddəti, ödənişin edilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi və sair kimi hüquqi tənzimləmələrə ehtiyac duya bilərsiniz. Gördüyünüz kimi etdiyiniz hər bir hərəkət əslində hüquqi tənzimləmə obyektidir. Hər bir hərəkət sizə əlavə öhdəlik və məsuliyyət yarada və ya qanunla müəyyən edilmiş əlavə imkanlar – güzəştlər və sair təmin edə bilər. Bütün bunlardan xəbərdar olmaq üçün isə hər bir zaman hüquqi məsləhətə ehtiyacınız var. Yəni hər zaman, hər bir məsələdə hüquqi yardım almağınız məqsədəuyğundur və ən yaxşı hüquqi yardımı isə bizə müraciət edərək ala bilərsiniz.
İşçinin iş ili ərzində neçə gün məzuniyyətə çıxmaq hüququ var?
Əmək Məcəlləsinin 9-cu və 110-cu maddələrinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də hər il qanunvericilik ilə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və əlavə məzuniyyətlərdən - sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etməkdir.
Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün bir dəfədən artıq olmamaq şərti ilə verilir və onun müddəti təqvim günü ilə hesablanır.
Bəs iş ili necə hesablanır? Hansı müddətdir?
İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Lakin işçi əmək məzuniyyətinə yalnız iş ili başlanıldıqdan sonra çıxa bilər.
Bəs əgər işçi əvvəlki illərdə əmək məzuniyyətinə çıxmadıqda həmin iş ili üçün istifadə edilməli olan məzuniyyət hüququ itirilmiş olur?
İşçi əvvəlki ildə və cari iş ili üçün istifadə etmədiyi məzuniyyət hüququndan həmin təqvim ilində birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər və yaxud da istifadə etmədiyi məzuniyyət hüququna görə kompensasiya - əlavə pul məbləği ala bilər.
Əmək Məcəlləsinin 112-ci maddəsi məzuniyyətin növlərini sadalayır. Belə ki, qanunvericilik əmək məzuniyyətlərinin aşağıdakı növlərini fərqləndirir:
Əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti;
Sosial məzuniyyət;
Təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;
Ödənişsiz məzuniyyət.
Lakin vurğulamaq lazımdır ki, qanunvericilikdə nəzərdə tutulanlardan əlavə əmək müqaviləsində və ya kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri də nəzərdə tutula bilər.
İndi isə əmək məzuniyyətinin növləri üzrə işçinin hansı müddətlərdə məzuniyyətə çıxa bilməsini detallı müzakirə edək.
İşçi iş ili ərzində minimum 21 gün əsas məzuniyyətə çıxmaq hüququna sahibdir. Lakin bəzi işçilərə ödənişli əsas məzuniyyət 30 gün müddətində verilməlidir. Bu işçilər kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilər; məsul vəzifələrdə qulluq keçən dövlət qulluqçuları; müəssisənin rəhbər işçiləri və mütəxəssislər; xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilər və inzibati-tədris heyəti işçiləri, həmçinin məktəbdənkənar uşaq müəssisələrinin rəhbərləri; təhsil müəssisələrinin metodistləri, baş ustaları, istehsalat təlimi ustaları, təlimatçıları, kitabxanaçıları, laborantları, emalatxana rəhbərləri, dayələr, dəyişək xidmətçiləri, bədii rəhbərləri; elmi dərəcəsi olmayan elmi işçilər; həkimlər, orta tibb işçiləri və əczaçılardır.
Mövsümi işlərdə çalışan işçilərə isə əsas məzuniyyət mövsümün sonunda hər iş ayına görə minimum iki təqvim günü müddətə verilir. Yəni, tutaq ki, siz 3 ay mövsümi işdə işləmisiniz, bu zaman hər ay üzrə minimum 2 gün hesablanmaqla, mövsümün sonunda minimum 6 gün əsas məzuniyyət hüququnuz olacaq.
Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərə isə Əmək Məcəlləsinin 118-ci maddəsindəki bölgüyə əsasən yay tətili dövründə 42 və 56 gün müddətində məzuniyyət verilir.
İndi isə əlavə məzuniyyətlər üçün qanunvericilik tərəfindən müəyyənləşdirilmiş müddətlərə nəzər salaq.
Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır və ya əmək funksiyaları həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əmək şəraiti və əmək funksiyasının xüsusiyyətləri nəzərə alınmaqla minimum 6 gün əlavə məzuniyyət verilir.
Əmək stajına görə də əlavə məzuniyyətlər verilir. Belə ki, 5-10 il əmək stajı olanlara 2 gün, 10-15 gün əmək stajı olanlara 4 gün, 15 ildən çox əmək stajı olanlara isə 6 gün müddətində əlavə məzuniyyət verilir. Lakin pedaqoji və elmi fəaliyyətlə məşğul olan, Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə, yaşı on səkkizədək olan, əlilliyi olan işçilərə və teatr-tamaşa və buna uyğun müəssisələrin işçilərinə əmək stajına görə əlavə məzuniyyətlər verilmir.
Qanunvericiliyə əsasən, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 gün, 14 yaşda üç və daha çox uşağı olan və ya 18 yaşı tamam olmamış əlilliyi olan uşaqları olan qadınlara isə 5 gün müddətində əlavə məzuniyyət verilir.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti minimum 42 gün, 16 yaşından 18 yaşınadək olan işçilərə isə minimum 35 gün məzuniyyət hüququ verilir. Əlillik dərəcəsindən, səbəbindən və müddətindən asılı olmayaraq əlilliyi olan işçilərə də əmək məzuniyyəti minimum 42 gün müddətində verilir.
Həmçinin, teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii və artist heyətlərinə də əmək məzuniyyəti 42 gün, məhz səhnəyə xidmət edən işçilərə isə 35 gün müddətində verilir.
Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət alan, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı olan, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak edən və ya həmin dövrdə hərbi xidmətdə olub, lakin döyüş əməliyyatlarında iştirak etməyən hərbi qulluqçulara, İstiqlal ordeni ilə, bu qəbildən olan digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə 46 gündən çox məzuniyyət hüququ verilib.
Əlavə məzuniyyətlərdən biri də təhsil məzuniyyətləridir, hansı ki Əmək Məcəlləsinin 124-cü maddəsinə əsasən müxtəlif hallara görə 20 təqvim günündən 4 ay müddətinədək müəyyən edilə bilər.
Ən çox rast gəlinən sosial məzuniyyətlərdən biri də hamiləliyə və doğuşa görə müəyyən edilmiş məzuniyyətlərdir. Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü olmaqla cəmi 126 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda isə doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Lakin kənd təsərrüfatı istehsalında çalışan qadınlara isə hamiləliyə və doğuşa görə məzuniyyət doğuş prosesinin çətinliyindən asılı olaraq 140-180 təqvim günü müddətində verilir.
İşçilərin xahişi ilə bir iş ili ərzində arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə, 16 yaşınadək uşağı olan və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara, ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə maksimum 14 təqvim günü; əlilliyi olan və ya doktoranturada təhsil alan işçilərə maksimum 1 ay; orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan və ya ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə maksimum 7 gün müddətində ödənişsiz məzuniyyətlər verilir.
Qeyd edək ki, məzuniyyət hüququndan həm əsas, həm də əlavə iş yerində işləyən işçilər istifadə etmək hüququna malikdir.