BLOQ

22.02.2024
614

Xuliqanlıq Cinayətdirmi?

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinə əsasən, xuliqanlıq deyərkən  ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə və ya özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür.
 

     İctimai yerlərdə - məktəblərdə, küçələrdə, parklarda, ictimai nəqliyyatda və sair yerlərdə biz demək olar ki hər gün bizə və yaxud da ətrafımızdakı insanlara qarşı edilmiş xuliqanlıq əməllərinin şahidi oluruq. Cəmiyyətimizdə daha çox rastlaşdığımız xuliqanlıq əməlləri sürücülərin bir-birini təhqir etməsi və ya digər sürücülərin avtomobillərinə vuraraq ‘‘yol hərəkəti qaydalarını onlara öyrətməyə çalışması’’, qadınlara söz atılması və onların narahat edilməsi, etiraz əlaməti olaraq insanların bir-birini təhqir etməsi və bunu digər insanları narahat edəcək şəkildə həyata keçirmələri, axşam saatlarında yaşayış yerlərində səs-küyün salınması və sair kimi hallardır. Lakin insanlar mütəmadi olaraq bu əməllərin şahidi olduqları üçün bu hallar onlara çox adi gəlir. Bu səbəbdən də gün keçdikcə cəmiyyətdə özbaşınalıq hallarının artdığının şahidi oluruq.
 

Qanunvericilik xuliqanlıq əməllərinin qarşısını almaq üçün Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə bu əməlləri qadağan edib, həmin əməlləri törədənlərə qarşı sanksiyalar müəyyən edir. Belə ki, sözügedən əməlləri törədən şəxslər 1000 manatdan 3000 manatadək miqdarda cərimə, bir ilədək müddətə islah işləri, bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin əgər xuliqanlıq əməlləri bir qrup şəxs tərəfindən törədilərsə və ya eyni şəxs və ya şəxslər tərəfindən təkrar törədilərsə, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədilərsə, bu hallarda qanunvericilik iki ilədək müddətə islah işləri, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutur. Xuliqanlığın daha ağır şəkildə həyata keçirilməsi hallarında, yəni silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə,  yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda şəxsə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza verilir. Həmçinin, qeyd etmək lazımdır ki, 14 yaşından etibarən hər kəs xuliqanlıq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunur. 
 

Göründüyü kimi qanunvericilik bizə qarşı xuliqanlıq formasında edilmiş hüquqpozmalara görə müxtəlif sanksiyalar nəzərdə tutur. Bizim öhdəmizə düşən isə bu kimi hallarla rastlaşdığımız zaman bunu adi qarşılamamaq, əksinə onların qarşısını almaq və ya bu kimi halların qarşısını alması üçün müxtəlif dövlət orqanlarına müraciət etməkdir.
 

Unutmayın, cəmiyyəti qurtarmaq sizin əlinizdədir!