BLOQ

04.05.2023
1763

Nə üçün BEH qoyuruq?

     Beh öhdəliklərin icrasının təmini üsullarından, həmçinin müqavilənin bağlanmasını təsdiq edən vasitələrdən biridir. Beh müqavilə tərəflərindən birinin digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Təcrübədə tez-tez müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhələr yaranır və ya ödənilmiş məbləğin beh olub-olmamasını müəyyən etmək mümkün olmur. Bu hallarda beh kimi ödənilmiş pul məbləği avans ödənişi kimi hesab edilir. Bu kimi problemlərin qarşısını almaq üçün qanunvericilik behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşmaların yazılı formada bağlanmasını tələb edir. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə olduqda isə, qanunvericilik beh barədə raılaşmanın notariat qaydasında təsdiq edilməli olduğunu vurğulayır. Behin məqsədi ondan ibarətdir ki, əgər beh vermiş tərəf müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyırsa, bu halda beh müqavilənin digər tərəfində qalır. Lakin müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf behdən əlavə, müqavilənin icra edilməməsi nəticəsində  dəymiş zərərin də əvəzini ödəməyə borcludur.        Lakin bəzi hallarda olur ki, beh almış tərəfin məsuliyyətsizliyi üzündən müqavilə icra edilmir. Bəs bu halda nə olur? Əgər müqavilənin icra edilməməsinin səbəbi beh almış tərəfin məsuliyyətsizliyidirsə, bu halda behi almış tərəf digər tərəfə behin iki qatı məbləğində ödəniş etməlidir, hansı ki bir növ kompensasiya məqsədi daşıyır.       Lakin müqavilə tərəfləri öhdəliyin icrasına başlanana qədər öz aralarında müqaviləyə xitam vermək üçün razılaşarlarsa  və ya müqavilənin icranın mümkün olmaması səbəbindən müqaviləyə xitam verərlərsə, beh onu vermiş şəxsə qaytarılmalıdır.      Gördüyünüz kimi beh bir növ tərəfləri müqavilədən irəli gələn öhdəliklərini icra etməyə sövq edir. Məhz bu səbəbdən də behi öhdəliyin təmini üsulu kimi fərqləndirir və gündəlik həyatımızda çox tətbiq edirik.