İşçinin iş ili ərzində neçə gün məzuniyyətə çıxmaq hüququ var?
Əmək Məcəlləsinin 9-cu və 110-cu maddələrinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də hər il qanunvericilik ilə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və əlavə məzuniyyətlərdən - sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etməkdir.
Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün bir dəfədən artıq olmamaq şərti ilə verilir və onun müddəti təqvim günü ilə hesablanır.
Bəs iş ili necə hesablanır? Hansı müddətdir?
İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Lakin işçi əmək məzuniyyətinə yalnız iş ili başlanıldıqdan sonra çıxa bilər.
Bəs əgər işçi əvvəlki illərdə əmək məzuniyyətinə çıxmadıqda həmin iş ili üçün istifadə edilməli olan məzuniyyət hüququ itirilmiş olur?
İşçi əvvəlki ildə və cari iş ili üçün istifadə etmədiyi məzuniyyət hüququndan həmin təqvim ilində birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər və yaxud da istifadə etmədiyi məzuniyyət hüququna görə kompensasiya - əlavə pul məbləği ala bilər.
Əmək Məcəlləsinin 112-ci maddəsi məzuniyyətin növlərini sadalayır. Belə ki, qanunvericilik əmək məzuniyyətlərinin aşağıdakı növlərini fərqləndirir:
Əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti;
Sosial məzuniyyət;
Təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;
Ödənişsiz məzuniyyət.
Lakin vurğulamaq lazımdır ki, qanunvericilikdə nəzərdə tutulanlardan əlavə əmək müqaviləsində və ya kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri də nəzərdə tutula bilər.
İndi isə əmək məzuniyyətinin növləri üzrə işçinin hansı müddətlərdə məzuniyyətə çıxa bilməsini detallı müzakirə edək.
İşçi iş ili ərzində minimum 21 gün əsas məzuniyyətə çıxmaq hüququna sahibdir. Lakin bəzi işçilərə ödənişli əsas məzuniyyət 30 gün müddətində verilməlidir. Bu işçilər kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilər; məsul vəzifələrdə qulluq keçən dövlət qulluqçuları; müəssisənin rəhbər işçiləri və mütəxəssislər; xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilər və inzibati-tədris heyəti işçiləri, həmçinin məktəbdənkənar uşaq müəssisələrinin rəhbərləri; təhsil müəssisələrinin metodistləri, baş ustaları, istehsalat təlimi ustaları, təlimatçıları, kitabxanaçıları, laborantları, emalatxana rəhbərləri, dayələr, dəyişək xidmətçiləri, bədii rəhbərləri; elmi dərəcəsi olmayan elmi işçilər; həkimlər, orta tibb işçiləri və əczaçılardır.
Mövsümi işlərdə çalışan işçilərə isə əsas məzuniyyət mövsümün sonunda hər iş ayına görə minimum iki təqvim günü müddətə verilir. Yəni, tutaq ki, siz 3 ay mövsümi işdə işləmisiniz, bu zaman hər ay üzrə minimum 2 gün hesablanmaqla, mövsümün sonunda minimum 6 gün əsas məzuniyyət hüququnuz olacaq.
Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərə isə Əmək Məcəlləsinin 118-ci maddəsindəki bölgüyə əsasən yay tətili dövründə 42 və 56 gün müddətində məzuniyyət verilir.
İndi isə əlavə məzuniyyətlər üçün qanunvericilik tərəfindən müəyyənləşdirilmiş müddətlərə nəzər salaq.
Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır və ya əmək funksiyaları həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əmək şəraiti və əmək funksiyasının xüsusiyyətləri nəzərə alınmaqla minimum 6 gün əlavə məzuniyyət verilir.
Əmək stajına görə də əlavə məzuniyyətlər verilir. Belə ki, 5-10 il əmək stajı olanlara 2 gün, 10-15 gün əmək stajı olanlara 4 gün, 15 ildən çox əmək stajı olanlara isə 6 gün müddətində əlavə məzuniyyət verilir. Lakin pedaqoji və elmi fəaliyyətlə məşğul olan, Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə, yaşı on səkkizədək olan, əlilliyi olan işçilərə və teatr-tamaşa və buna uyğun müəssisələrin işçilərinə əmək stajına görə əlavə məzuniyyətlər verilmir.
Qanunvericiliyə əsasən, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 gün, 14 yaşda üç və daha çox uşağı olan və ya 18 yaşı tamam olmamış əlilliyi olan uşaqları olan qadınlara isə 5 gün müddətində əlavə məzuniyyət verilir.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti minimum 42 gün, 16 yaşından 18 yaşınadək olan işçilərə isə minimum 35 gün məzuniyyət hüququ verilir. Əlillik dərəcəsindən, səbəbindən və müddətindən asılı olmayaraq əlilliyi olan işçilərə də əmək məzuniyyəti minimum 42 gün müddətində verilir.
Həmçinin, teatr-tamaşa müəssisələrinin, televiziya, radio və kinematoqrafiya qurumlarının bədii və artist heyətlərinə də əmək məzuniyyəti 42 gün, məhz səhnəyə xidmət edən işçilərə isə 35 gün müddətində verilir.
Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət alan, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı olan, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak edən və ya həmin dövrdə hərbi xidmətdə olub, lakin döyüş əməliyyatlarında iştirak etməyən hərbi qulluqçulara, İstiqlal ordeni ilə, bu qəbildən olan digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə 46 gündən çox məzuniyyət hüququ verilib.
Əlavə məzuniyyətlərdən biri də təhsil məzuniyyətləridir, hansı ki Əmək Məcəlləsinin 124-cü maddəsinə əsasən müxtəlif hallara görə 20 təqvim günündən 4 ay müddətinədək müəyyən edilə bilər.
Ən çox rast gəlinən sosial məzuniyyətlərdən biri də hamiləliyə və doğuşa görə müəyyən edilmiş məzuniyyətlərdir. Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü olmaqla cəmi 126 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda isə doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Lakin kənd təsərrüfatı istehsalında çalışan qadınlara isə hamiləliyə və doğuşa görə məzuniyyət doğuş prosesinin çətinliyindən asılı olaraq 140-180 təqvim günü müddətində verilir.
İşçilərin xahişi ilə bir iş ili ərzində arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə, 16 yaşınadək uşağı olan və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara, ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə maksimum 14 təqvim günü; əlilliyi olan və ya doktoranturada təhsil alan işçilərə maksimum 1 ay; orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan və ya ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə maksimum 7 gün müddətində ödənişsiz məzuniyyətlər verilir.
Qeyd edək ki, məzuniyyət hüququndan həm əsas, həm də əlavə iş yerində işləyən işçilər istifadə etmək hüququna malikdir.