BLOQ

06.12.2025
97

Kimlərin Sadələşdirilmiş Vergi Ödəyicisi Olmaq Hüququ Yoxdur ?

Sadələşdirilmiş Vergi Ödəyicisi hüququ Azərbaycanda sahibkarlıq subyektləri üçün tətbiq edilən, əsasən kiçik və orta biznesin vergi yükünü minimuma endirməyi və vergitutmanı asanlaşdırmağı hədəfləyir. Bu, Vergi Məcəlləsinin 218-ci maddəsi ilə tənzimlənir. SV ödəyicisi olan sahibkarlar, adətən, yalnız fəaliyyətləri üzrə əldə etdikləri dövriyyənin müəyyən bir faizini vergi kimi ödəyir və bununla da Mənfəət Vergisinin mürəkkəb hesablanması və yüksək yükündən azad olurlar. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirən sahibkarlar, avtomatik olaraq Mənfəət Vergisinin (yüksək vergi yükü) ödəyicisinə çevrilirlər.   Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur:     1. Dövriyyə və Əmlak Hədlərini Aşanlar   1) Limitdən Artıq Dövriyyəsi Olan Sahibkarlar: Ardıcıl 12 ay ərzində dövriyyəsi 200.000 manatdan artıq olan Hüquqi şəxs və ya fərdi sahibkarlar. 2) Əsas Vəsaitin Qalıq Dəyəri Həddi: Mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər (VM 218.1.2-ci, 218.1.3-cü və 218.4-cü maddələrində göstərilən şəxslər istisna olmaqla).      2. Fəaliyyət Növü üzrə Məhdudiyyətlər (VM 218.5-ci maddə)     1) Xüsusi İstehsal və Ticarət Fəaliyyəti Aksizli və Nişanlanmalı Mallar: Aksizli və məcburi nişanlama ilə nişanlanmalı olan mallar istehsal edən şəxslər. Topdansatış Ticarəti: Topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər. Qiymətli Əşyaların Satışı: Qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər. Xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər.    2)  Maliyyə, Sığorta və Qiymətli Kağızlar Maliyyə İnstitutları: Kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və bu fondların idarəçiləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, lombardlar. İstisna: Bu müddəalar icbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentlərinə tətbiq edilmir. Qeyri-dövlət pensiya fondları.     3) İcarə və Lizinq Xidmətləri Əmlakın İcarəyə Verilməsindən və Royaltidən Gəlir Əldə Edənlər. Aktiv Formada Lizinq və İcarə Xidmətləri Göstərənlər: Əsas fəaliyyəti (dövriyyəsinin 25%-dən çoxu) müəyyən əmlakı (avadanlıq, nəqliyyat, daşınmaz əmlak) başqasına icarəyə vermək və ya lizinq yolu ilə satmaq olan hüquqi şəxslər.     4) Kadr və Xidmət Məhdudiyyəti İstehsal Fəaliyyətində İşçi Sayı: İşçi rüb ərzində işçilərinin (faktiki işə cəlb edilən) orta sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər. Xidmətlərin Göstərilməsi: Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslər. Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər. (Hər iki halda da VM-nin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisnadır).     5) Xüsusi Statuslu Şəxslər Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş təbii inhisar subyektləri. Publik hüquqi şəxslər. Lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər (bina tikintisi fəaliyyəti və icbari sığorta müqavilələri üzrə xidmət göstərənlər istisna olmaqla) Biznesinizi bizə əmanət edin, çünki sizin üçün də bir "İDEYAMIZ" var! Ödənişsiz konsultasiya üçün “IDEA Consulting and Solutions” şirkətinə müraciət edin 📌 ✅
16.05.2024
3024

İşdən Çıxma Halında Son Haqq-hesab

Son zamanlarda işdən çıxma hallarında son haqq-hesabın ödənilməməsi hallarına çox rast gəlirik. Bunun əsas səbəblərindən biri də işçilərin öz hüquqlarını yaxşı bilməməsi və haqlarını tələb etməmələridir. Buna görə də gəlin bu məqaləmizi məhz işdən çıxma hallarında son haqq-hesabın necə aparılmalı olmasına həsr edək. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinə xitam verilərkən ilk öncə işəgötürən bu barədə əsaslandırılmış əmr (sərəncam, qərar) verməlidir və həmin əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Son iş günündə isə işdənçıxarma əmrinin surəti, işçinin əmək kitabçası və son haqq-hesab işçiyə verilməlidir. Bəs son haqq-hesab deyərkən nə nəzərdə tutulur? Son haqq-hesab deyərkən qanunvericilik istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin verilməsini, işçiyə ödənilməli olan əmək haqqının və digər ödəmələrin edilməsini nəzərdə tutur. Son haqq-hesab edildikdən sonra isə işəgötürən haqq-hesab sənədi ( və ya haqq- hesab kitabçası, vərəqi, çeki) tərtib etməli və onu qeydiyyata aldırmalıdır. İşdən çıxma hallarında siz də əmək münasibətlərinə xitam vermə prosesinin qanunvericiliyə uyğun aparıldığından əmin olun və öz haqlarınızı tələb etməkdən çəkinməyin!
04.05.2023
2861

Nə üçün BEH qoyuruq?

     Beh öhdəliklərin icrasının təmini üsullarından, həmçinin müqavilənin bağlanmasını təsdiq edən vasitələrdən biridir. Beh müqavilə tərəflərindən birinin digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Təcrübədə tez-tez müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhələr yaranır və ya ödənilmiş məbləğin beh olub-olmamasını müəyyən etmək mümkün olmur. Bu hallarda beh kimi ödənilmiş pul məbləği avans ödənişi kimi hesab edilir. Bu kimi problemlərin qarşısını almaq üçün qanunvericilik behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşmaların yazılı formada bağlanmasını tələb edir. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə olduqda isə, qanunvericilik beh barədə raılaşmanın notariat qaydasında təsdiq edilməli olduğunu vurğulayır. Behin məqsədi ondan ibarətdir ki, əgər beh vermiş tərəf müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyırsa, bu halda beh müqavilənin digər tərəfində qalır. Lakin müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf behdən əlavə, müqavilənin icra edilməməsi nəticəsində  dəymiş zərərin də əvəzini ödəməyə borcludur.        Lakin bəzi hallarda olur ki, beh almış tərəfin məsuliyyətsizliyi üzündən müqavilə icra edilmir. Bəs bu halda nə olur? Əgər müqavilənin icra edilməməsinin səbəbi beh almış tərəfin məsuliyyətsizliyidirsə, bu halda behi almış tərəf digər tərəfə behin iki qatı məbləğində ödəniş etməlidir, hansı ki bir növ kompensasiya məqsədi daşıyır.       Lakin müqavilə tərəfləri öhdəliyin icrasına başlanana qədər öz aralarında müqaviləyə xitam vermək üçün razılaşarlarsa  və ya müqavilənin icranın mümkün olmaması səbəbindən müqaviləyə xitam verərlərsə, beh onu vermiş şəxsə qaytarılmalıdır.      Gördüyünüz kimi beh bir növ tərəfləri müqavilədən irəli gələn öhdəliklərini icra etməyə sövq edir. Məhz bu səbəbdən də behi öhdəliyin təmini üsulu kimi fərqləndirir və gündəlik həyatımızda çox tətbiq edirik.
02.05.2023
4132

Silah saxlamaq olarmı?

         Azərbaycan respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsinə əsasən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə qanunla qadağan olunur. Bu əməllərin törədilməsi cinayət hesab olunur. Bu növ cinayətlər üçün iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Bu cür əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qabaqcadan bir və ya bir neçə cinayətin törədilməsi üçün birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən bu əməllər törədildikdə isə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.          Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə qanunla qadağan olunur. Bu əməllər törədildikdə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Qanuna əsasən sadlanan əşyalara sahib olan və onları könüllü sürətdə təhvil verən şəxslər əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.           Xidməti və mülki silah haqqında qanunda verilən anlayışa əsasən silah dedikdə canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitələr nəzərdə tutulur. Soyuq silah dedikdə isə konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silah nəzərdə tutulur.