BLOQ

25.07.2022
3641

Özbaşına (qanunsuz) tikili nədir və nə zaman sökülməlidir?

Vətəndaşlar bir çox hallarda öz tikililəri ilə bağlı bəzi problemlərlə qarşılaşır. Dövlət orqanları tərəfindən tikililərinin qanunsuz olduğu və söküləcəyi barədə xəbərdar edilirlər. Bəs Azərbaycan Respublikası qanunvericiliyinə görə hansı tikililər qanunsuz sayılır və sökülməlidir? Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə edə bilməz. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə verməlidir. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; tikinti layihəsi; sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti, fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi qanunda nəzərdə tutulmuş bəzi hallarda sökülə bilər: Şəhərsalma və Tikinti Məcəlləsinə görə, tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə və buna əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda. Bu hallarda tikinti obyeklərinin sökülməsi barədə qərar qəbul edilir. Bu qərar məhkəmədə maraqlı şəxslər tərfindən mübahisələndirilə bilər.
07.07.2022
871

Hüquqi şəxs təsisetmə

Digər bir çox terminlər kimi hüquqi şəxs anlayışının da təməlləri Roma Hüququna dayanmaqdadır. Ancaq Roma Hüququnda hüquqi şəxs anlayışı bir qədər fərqli inkişaf xəttinə malik olub. Belə ki, Romalılara görə, “bütün hüquq insanlar üçündür” nəzəriyyəsi əsas olub. Bu nəzəriyyəni ilk oxuduqda insandan başqa heç bir varlığa hüquq qabiliyyəti verilə bilməz yönündə bir nəticəyə gəlmək mümkündür. Ancaq bir tək insan gücünün və ömrünün kifayət etməyəcəyi, yenə insanlarla bağlı bəzi məqsədlərə çatılabilməsi üçün insanlardan ibarət qrupların əməyinə ehtiyac duyulması hüquqi şəxsin meydana gəlmə səbəblərindən biridir. Bəzən bir mal və xidmətlər toplusunun müəyyən bir məqsədə xidmət edəcək şəkildə təsis edilməsi və bunların onu müəyyən məqsədlər üçün təhsis edən şəxslərin fərdi fəaliyyətlərindən daha geniş olaraq daha uzun müddət mövcud olma ehtiyacı, Roma hüququnda da qruplara bir “Şəxs” statusu verilməsini məcburi hala gətirmişdir.  Digər bir çox terminlər kimi hüquqi şəxs anlayışının da təməlləri Roma Hüququna dayanmaqdadır. Ancaq Roma Hüququnda hüquqi şəxs anlayışı bir qədər fərqli inkişaf xəttinə malik olmuşdur`. Belə ki, Romalılara görə, “bütün hüquq insanlar üçündür” nəzəriyyəsi əsas olmuşdur. Bu nəzəriyyəni ilk oxuduqda insandan başqa heç bir varlığa hüquq qabiliyyəti verilə bilməz yönündə bir nəticəyə gəlmək mümkündür.  Roman – German hüquq sisteminə daxil olan Azərbaycan qanunvericiliyinə görə, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.  Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər.  Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan kommersiya hüquqi şəxsləri və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən qeyri-kommersiya hüquqi şəxsləri, habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan publik hüquqi şəxslər formasında yaradıla bilər. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir.  Hüquqi şəxs qanunla nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir.  Hüquqi şəxsin hüquq qabiliyyəti dövlət qeydiyyatına alındığı andan yaranır. Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər.  Biz sizə kommersiya və qeyri kommersiya hüquqi şəxslərinin yaradılmaında peşəkar xidmətlərimizi təklif edirik: Hüquqi şəxsin təsis sənədlərinin və Nizamnaməsinin hazırlanması; Hüquqi Şəxsin dövlət qeydiyyatına alınması; Hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsi; Ayrı-ayrı fəaliyyət növləri üçün xüsusi icazə - lisenziyaların alınması və digər bütün lazımi prosedurları sizin adınıza həyata keçiririk.