(+994 77) 377 11 33

BLOQ

17.04.2023
73

Nə üçün hüquqi yardım almaq önəmlidir?

     Avropa İnsan Hüquqları Konvensiyası 1-ci maddəsi ilə insan hüquqlarına hörmət olunmasının, hüquq və azadlıqların təmin edilməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsi də insan və vətəndaş hüquq və azadlıqlarının önəminə vurğu edib, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz, ayrılmaz hüquqlarının olduğunu qeyd edir.      Avropa İnsan Hüquqları Konvensiyanın 6-cı maddəsi isə ədalətli məhkəmə hüququnun tərkib hissəsi kimi müdafiəçidən istifadə etmək hüququnu qeyd edib. Bu bir hüquq kimi qeyd edilsə də, əslində hər zaman hüquqşünas köməyindən istifadə önəmlidir. Çünki gündəlik həyatımızda baş verən hər bir hadisənin qanunda hüquqi tənzimi nəzərdə tutulub və əgər bu hüquqi tənzimləmələri tətbiq etsək, həm qarşılaşa biləcəyimiz hüquqi problemləri önləmiş olarıq, həm də qanunla bizə verilmiş hüquqlardan daha effektiv şəkildə istifadə edə və həyatımıza daha doğru yön verə bilərik. Belə ki, siz nikah, boşanma, əmlak bölgüsü və sair kimi ailə münasibətlərində ailə hüququ üzrə ixtisaslaşmış hüquqşünasların köməyindən istifadə edərək Ailə Məcəlləsi ilə sizlərə tanınmış hüquqlardan faydalana bilirsiniz, cinayət hüququ sahəsində fəaliyyət göstərən müdafiəçilərdən istifadə edərək ittihamçı pozulmuş hüquqlarını bərpa edir, təqsirləndirilən və ya şübhəli şəxs isə qanunla nəzərdə tutulmuş cəzanın minimal həddində cəza almaq imkanına sahib olur. Həmçinin, hüquqi məsləhət alaraq qanunla hansı hərəkətlərin qadağan edildiyini və hansı hərəkətlərdən çəkinməli olduğunuzu da öyrənmiş olacaqsınız. Əmək qanunvericiliyi üzrə ixtisaslaşmış vəkillər isə əmək münasibətləri zamanı qarşılaşdığınız problemləri həll edir və yaranmış suallarınızı cavablandırır: sizin qanunsuz olaraq işdən çıxmanıza, intizam tənbehinə məruz qalmanıza, işəgötürən tərəfindən sizə yönələn hüquqpozmalarının qarşısını almanıza kömək edir, il ərzində neçə gün məzuniyyətə çıxa bilməniz, hansı iş şəraitinin təmin olunması və digər hüquqlarınız barədə sizi maarifləndirir.      Günümüzdə belə bir yanlış fikir də formalaşıb ki, hüquqi yardım yalnız məhkəmə prosesləri zamanı ehtiyac duyulan bir xidmətdir. Lakin hüquqi yardım deyərkən müdafiəçinin sizi təkcə məhkəmə proseslərində, arbitrajlarda müdafiə etməsi yox, yaranmış suallarınıza cavab vermək, sizi müxtəlif hüquq sahələrində bilgiləndirmək, işlərinizi qanunvericiliyə uyğun formalaşdırmaq, müəyyən hüquqi problemlərlə üzləşməkdən qorumaq və öz hüquq və azadlıqlarınızdan xəbərdar olmanız üçün hüquqi konsultasiyanı da nəzərdə tutur.      Günlük işlərinizi görərkən belə sizin hüquqi yardıma ehtiyacınız ola bilər. Necə? Siz hər gün marketdən çörək alırsınız. Bəs bilirsizniz mi hər gün çörək alarkən əslində siz əqd bağlayır və mülki-hüquqi münasibətə girirsiniz? Həmin çörəyi alarkən siz sadə bir prosesi yerinə yetirdiyinizi düşünürsünüz, lakin bu proses başlayarkən siz fərqinə varmadan oferta və ya aksept edir, müqavilə şərtlərini razılaşdırır, öhdəlik götürür və müqavilə bağlayırsınız, prosesin sonunda isə siz yararlılıq müddəti, ödənişin edilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi və sair kimi hüquqi tənzimləmələrə ehtiyac duya bilərsiniz. Gördüyünüz kimi etdiyiniz hər bir hərəkət əslində hüquqi tənzimləmə obyektidir. Hər bir hərəkət sizə əlavə öhdəlik və məsuliyyət yarada və ya qanunla müəyyən edilmiş əlavə imkanlar – güzəştlər və sair təmin edə bilər. Bütün bunlardan xəbərdar olmaq üçün isə hər bir zaman hüquqi məsləhətə ehtiyacınız var. Yəni hər zaman, hər bir məsələdə hüquqi yardım almağınız məqsədəuyğundur və ən yaxşı hüquqi yardımı isə bizə müraciət edərək ala bilərsiniz.
07.04.2023
169

Əmək müqaviləsi, yoxsa xidmət müqaviləsi?

   Əmək münasibətlərinə girmək, müəyyən fəaliyyətlə məşğul olmaq və gəlir əldə etmək həyatımızın bir parçasına çevrilib. Bəs gəlir əldə edərkən, müəyyən münasibətlərə girərkən ən çox rastlaşdığımız sual nədir? Hazırda bu mövzuda ən aktual suallardan biri də əmək müqaviləsi, yoxsa xidmət müqaviləsi bağlamağın işçi üçün daha faydalı olmasıdır. Bu səbəbdən də hazırkı məqaləmiz əmək, yoxsa xidmət müqaviləsinin işçi üçün daha əlverişli olmasının müzakirəsinə həsr olunub. İlkin olaraq qeyd etmək lazımdır ki, əmək müqaviləsi xidmət müqaviləsindən fərqli olaraq Əmək Məcəlləsi ilə tənzimləndiyi üçün işçi əmək qanunvericiliyi ilə ona verilən hüquqlardan asanlıqla faydalana bilir. Lakin xidmət müqavilələri Mülki Məcəllə ilə tənzimlənir. Bu baxımdan, xidmət müqaviləsinin tərəflərinə – icraçı və sifarişçiyə bərabər imkanlar tanınır. Əmək müqaviləsi imzalanarkən işəgötürən işçidən əmək kitabçasını, şəxsiyyəti təsdiq edən sənədi, bəzi hallarda müvafiq ixtisasa sahib olması barədə diplomu, sağlamlıq haqqında arayış, qeyri-leqal olsa da, hərbi bilet, evlilik haqqında şəhadətnamə, faktiki yaşayış yeri üzrə arayış və sair kimi sənədləri tələb edir, hansı ki işçinin zamanın böyük hissəsi həmin sənədləri toplamağa sərf olunur. Lakin xidmət müqaviləsi üzrə icraçı sadəcə VÖEN, şəxsiyyəti təsdiq edən sənəd və bank rekvizitlərini təqdim edir, hansı ki bu sənədlərin də təqdimi məcburi deyil. Bu səbəbdən də işçi üçün xidmət müqaviləsinin bağlanması prosesi daha rahatdır.    Əmək müqaviləsi bağlayarkən işçi işi işəgötürənin müəyyən etdiyi yerdə - iş yerində və ya ərazisində həyata keçirdiyi halda, mülki-hüquqi müqavilələrdə, yəni xidmət müqavilələrində işlərin həyata keçiriləcəyi yer barədə vacib tələb olmadığı üçün işçi istədiyi yerdən öz işini yerinə yetirə və ya xidmətini göstərə bilər.       Həmçinin, əmək müqaviləsi üzrə işə götürülmüş şəxsin əvəzinə başqa heç kim onun işlərini yerinə yetirə bilməz. Lakin xidmət müqaviləsi üzrə fəaliyyət göstərən şəxs işlərin görülməsi və ya xidmətlərin göstərilməsini üçüncü şəxslərə tapşıra bilər. Bu aspektdən xidmət müqavilələri işçiyə daha rahat şərait yaradır.        Əmək müqaviləsi üzrə işləyən işçi müəssisədaxili intizam qaydalarına, əmək qanunvericiliyi ilə üzərinə qoyulan vəzifələrə əməl etməlidir, əks təqdirdə ona xəbərdarlıq edilir, intizam məsuliyyətinə cəlb olunur və ya işdən çıxarılır. Əmək müqaviləsindən fərqli olaraq, xidmət müqavilələrində müəssisədaxili intizam qaydaları yox, müqavilə üzrə tələblər var və bu tələblər pozulduğu halda icraçı hər hansısa intizam tədbirinə məruz qalmır, sadəcə olaraq müqavilənin digər tərəfi olan sifarişçi tərəfindən müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirə bilmədiyi üçün müqaviləyə vaxtından öncə xitam verilə bilər.       Lakin vurğulamaq lazımdır ki, əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçi işəgötürənin xammalından, istehsal vasitələrindən, alətlərindən istifadə edərək işləri yerinə yetirdiyi halda, xidmət müqaviləsi üzrə fəaliyyət göstərən şəxslər, müqavilədə ayrı qayda nəzərdə tutulmadığı halda, icraçının hesabına malları, istehsal vasitələrini, alətləri əldə edir və işləyir. Bu baxımdan əmək müqaviləsi üzrə işləmək işçiyə daha çox sərf edir.        Əmək müqaviləsi üzrə işçi iş yerində əməyin mühafizəsi qaydalarının yerinə yetirilməsinə cavabdeh olur, işçini uniforma, fərdi mühafizə vasitələri ilə təmin edir. Xidmət müqavilələrində isə sifarişçinin sadalanan öhdəlikləri olmur.      Bunlardan əlavə, əmək müqaviləsi üzrə fəaliyyət göstərən işçi konkret bir vəzifəyə işə götürülür, dəqiq müəyyən edilmiş iş saatları, iş rejimi üzrə fəaliyyət göstərir və həmin iş saatlarına müvafiq olaraq da ona əmək haqqı hesablanır. Xidmət müqavilələrində isə belə deyil. Belə ki, icraçı hər hansısa işi yerinə yetirməyi və ya xidməti göstərməyi öhdəsinə götürür və bu xidməti konkret iş saatları ərzində yox, ümumi şəkildə razılaşdırılmış müddət ərzində yerinə yetirir, çünki xidmət müqavilələrində əmək müqavilələrindən fərqli olaraq iş saatlarına görə yox, yerinə yetirilmiş işin, xidmətin nəticəsinə, keyfiyyətinə mütənasib xidmət haqqı verilir.      Əmək müqaviləsi üzrə işçi müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır. Müddətli əmək müqaviləsinə yalnız müqavilənin qüvvədə olma müddəti bitdikdə və ya Əmək Məcəlləsinin müvafiq normalarına əsasən xitam vermək mümkündür. Müddətsiz əmək müqavilələrinə isə yalnız Əmək Məcəlləsində nəzərdə tutulmuş müvafiq hallarda xitam verilə bilər. Yəni işəgötürən qanunvericilikdəki müvafiq əsaslar olmadan, istədiyi vaxt işçini işdən çıxara bilməz. Xidmət müqavilələrində isə sifarişçi istədiyi vaxt icraçı ilə bağladığı müqaviləyə xitam verə bilər. Qeyd edilənlərə əsasən, belə nəticəyə gəlmək olar ki, əmək müqaviləsi üzrə işləyən işçi daha uzun müddət işlə təmin olunma ehtimalına malikdir.      Məqaləmizin əvvəlində də qeyd etdiyimiz kimi əmək müqaviləsi üzrə işçi Əmək Məcəlləsi ilə ona tanınmış bütün hüquqlardan istifadə edir. Bəs bu hüquqlar hansılardır?      Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin qanunvericiliklə müəyyən olunmuş həftələr arası istirahət günlərindən istifadə etmək, o cümlədən hər il minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək hüquqları var. Lakin xidmət müqavilələri icraçını həftələrarası istirahət günləri, məzuniyyət hüququ ilə təmin etmir. Əmək müqaviləsi üzrə işləyən şəxs minimum əmək haqqından az olmayaraq, yəni azı 345 manat olmaqla maaş almasına baxmayaraq, xidmət müqaviləsi üzrə işləyən şəxslər icra etdikləri işin nəticəsinə uyğun və ya müqavilədə razılaşdırdıqları həcmdə xidmət haqqı alırlar. Yəni xidmət müqavilələrində əmək müqavilələrindən fərqli olaraq minimal məbləğ tələbi yoxdur, sifarişçi icraçıya 345 manatdan da az ödəniş edə bilər, hansı ki qətiyyən icraçının marağına uyğun deyil. Əmək müqaviləsi üzrə işləyən işçi tam maddi məsuliyyət müqaviləsi bağlamadığı hallarda işəgötürənə dəymiş ziyana görə orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Xidmət müqaviləsi üzrə işləyən icraçı isə tərəflərin razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, sifarişçiyə vurduğu ziyan həcmində maddi məsuliyyət daşıyır. Üstəlik, əmək müqaviləsi üzrə işçi işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq hüququna malikdir. Lakin xidmət müqaviləsi üzrə çalışan şəxsləri sığortalayıb-sığortalamamaq sifarişçinin öz seçimidir. Yəni xidmət müqaviləsi üzrə sığorta ilə bağlı məcburi tələblər yoxdur, bu da əmək müqaviləsini xidmət müqaviləsindən üstün edən daha bir haldır.     Əmək müqaviləsi üzrə işçi mənzil şəraitinin, ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün işəgötürəndən müvafiq sosial yardımlar almaq hüququna malikdir, lakin qanunvericilik xidmət müqaviləsi üzrə işləyən şəxslərə sifarişçidən sosial yardım almaq hüququ vermir. Sadalanan hallardan əlavə qeyd etmək lazımdır ki, əmək müqaviləsi üzrə vergilər işçinin əmək haqqından tutulmaqla işəgötürən tərəfindən ödənilir. VÖEN-li icraçılar isə özləri şəxsən müvafiq vergiləri ödəyir. Məqaləmizdə əksini tapan hallara istinadən belə bir nəticəyə gəlmək olar ki, xidmət müqaviləsinin də üstün cəhətləri olmasına baxmayaraq, əmək müqaviləsi işçiyə daha çox hüquqlar, təminatlar verir və məhz bu səbəblərdən də bir çox hallarda işçinin işəgötürən ilə əmək müqaviləsi bağlaması daha məqsədəuyğundur.
13.03.2023
214

“İDEA Consulting and Solutions” MMC tərəfindən “Xəzər” uşaq bağçasına oyun meydançası hədiyyə edildi.

“İDEA Consulting and Solutions” MMC tərəfindən korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq “Xəzər” uşaq bağçasına dörd ədəd oyun kompleksindən ibarət yeni oyun meydançası hədiyyə edildi. Qürur mənbəyimiz olan bu layihə uşaqlar üçün təhlükəsiz və əyləncəli mühit yaratmaq məqsədi daşıyır. Müxtəlifyaş qrupları üçün nəzərdə tutulan meydança uşaqların əyləncəli zaman keçirməsi ilə yanaşı zehni və fiziki inkişafında həmçinin, sosial bacarıqlarının artmasında faydalı olacaq. Sözügedən meydança tam təhlükəsiz və güvənli şəkildə övladlarımızın inkişafına və keyfiyyətli zaman keçirməsinə imkan verir. Şirkətimiz işgüzar mühitdə uğur qazanmaqla yanaşı, həm də cəmiyyətin rifahı və ətraf mühitin qorunması üçün çalışır. Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq gələcəkdə də oxşar sosial məsuliyyət layihələri ilə cəmiyyətin inkişafına töhfə verməyə davam edəcəyik.
01.11.2017
1502

HƏR KƏS ÖZ BRENDİNİ SEVİR

Marketoloqlar və reklamçılar xüsusilə düşünürlər ki, bir insanın davranışını dəyişdirmədən əvvəl düşüncələrini dəyişdirmək lazımdır. Onlar bir insanı inandırmaq olarsa, onun davranışlarının da dəyişə biləcəyinə inanırlar. Buna görə reklamın funksiyası insanları inandırmaqdır. 1897-ci ildə ilk dəfə olaraq Charles Austin Bates bu fikri ifadə etdi. 20-ci əsrdə də bir çox marketoloqlar bu fikri müdafiə etmişdilər, lakin Rosser Reeves onların ən məşhurları idi. 1961-ci ildə Reeves, hər bir brendin "unikal satış təklifi" olması gərəkdiyini və bunu bütün reklamlarında vurğulamaq lazım olduğunu söylədi. Bu fikir o qədər məşhurdur ki, bu gün çoxu reklam agentlikləri özlərini "inandırma agentliklər"i kimi görür. Ancaq satmaq üçün yeganə yol inandırmaq deyil. Əlbəttə, insanı inandıraraq bir davranışa yönləndirmək (brendi üstün tutmağa) mümkündür, lakin bu, adətən, çox çətin bir yoldur. Çünki insan ağlı başqalarının düşüncəsini qəbul etməyə deyil, öz düşüncələrini bəyənməyə proqramlaşdırılmışdır. Heç kim öz fikrini dəyişdirmək istəmir. Hətta uşaqlar da öz ağıllarını bəyənirlər. Bugün uğur qazanmış brendlər, fərqli bir yol izləyən brendlərdır. Bu brendlər insanlara özlərinin üstünlüklərini izah edib, onları razı salan və satın alma qərarlarını öz brendlərı lehinə dəyişdirənlər deyil, tam tərsinə əvvəl satdıqları məhsulları istehlakçıların həyatlarına daxil edən və sonrasında brendləri haqqında müsbət düşüncələri inkişaf etdirmiş olanlardır. Burada əsas olan öz brendini satın aldırmaqdır. Bir şəxs bir brendi alırsa, o brend haqqında yaxşı düşünməyə başlayır və yaxşı danışır. İnsan-şüurlu və ya şüursuz bir davranış nümayiş etdirdikdə, bu davranışın nə qədər doğru və düzgün olduğuna dair əsaslar da çıxarır. Bir seçim etdikdən sonra, özünə və ətrafındakılara bu seçimin nə qədər yaxşı olduğunu sübut etdirmək istəyir. Buna görə də insanlar bir brendi aldıqdan sonra bu brendə olan istəkləri artır. Brend ilə bağlı araşdırmalarda hər bir istifadəçinin öz brendini sevməsi və o brendə üstün xüsusiyyətləri aid etməsi insan ağılının dəstəkləyici yanaşması ilə əlaqələndirilir. Böyük brendlər bu yolla özlərini sevdirməyə səy göstərmədən məşhur brendlərə çevrilirlər. Benjamin Disraelinin dediyi kimi, "Düşüncə hərəkətin ovladıdır".